"Dastan brendi"nin "Şəki" və "Qarabağ" kolleksiyaları təqdim olunub

"Dastan brendi"nin "Şəki" və "Qarabağ" kolleksiyaları təqdim olunub
# 02 oktyabr 2019 20:44 (UTC +04:00)


Oktyabrın 2-də "Ədibin Evi" yaradıcılıq Mərkəzində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin təşkilatçılığı ilə "Dastan brendi"nin "Şəki" və "Qarabağ" kolleksiyalarının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirin açılışında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin Sədri Əsgər Ələkbərov çıxış edərək bildirib ki, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi rəhbərlik etdiyi idarənin və Şahzadə Çarlzın himayəsi altında fəaliyyət göstərən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsidir.

O, bildirib ki, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir: "Mərkəzin sənətkarları 2012-ci ildən 2015-ci ilə qədər İngiltərə və başqa ölkələrdən gələn müəllimlər tərəfindən dərslər alıblar. Mərkəz 2015-ci ildən tam fəaliyyət göstərir. Burada keramika, batika, zərgərlik və taxta sənətinə aid məhsullar hazırlanır. 2017-ci ildə mərkəzin "Şirvanşahlar" adlı ilk kolleksiyası təqdim olunub. Bu gün isə "Şəki" və "Qarabağ" kolleksiyalarını təqdim edirik. Kolleksiyalar Şəkinin və Qarabağın memarlıq əsərlərinin, flora və faunasının ornamentlərini özündə əks etdirir. "Şəki" kolleksiyasına ilk dəfə dekorativ boyakarlıq nümunələri də əlavə olunub. "Qarabağ" kolleksiyası isə orta əsrlərə aid olan abidələrin, daş kitabələrin, qəbir abidələrinin və dekorativ tətbiqi sənətkarlıq nümunələrinin təhlili nəticəsində hazırlanıb".

Ə.Ələkbərov kolleksiyaların satış üçün nəzərdə tutulduğunu vurğulayıb: "Mərkəz eyni zamanda kommersiya fəaliyyəti göstərir. Mərkəzin hazırladığı məhsullara həm vətəndaşlarımız, həm də xarici qonaqlar tərəfindən böyük maraq var".

İdarə sədri məhsulların qiyməti barədə də danışıb: "Ən ucuz məhsul 80 manat, ən bahalı məhsul isə qiyməti 1000 manat olan nərd kolleksiyasıdır. Mərkəzin məhsullarına xaricdə də böyük tələbat var. Şahzadə Çarlz tərəfindən bizim məhsullar bir neçə dəfə sifariş olunub. Bundan başqa Asiya, Yaxın Şərq və Rusiyadan da sifarişlər alırıq".


Sonra qonaqlar "Dastan brendi"nin istehsal etdiyi keramika, batika, zərgərlik və taxta sənətinə aid məhsullarla tanış olublar.

Daha sonra muğam triosunun və Əməkdar artist Tünzalə Ağayevanın ifaları dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR