Dövlət Xidməti: Şəkidəki Zəyzid və Küngüt abidələrinin bərpası planlaşdırılır

Dövlət Xidməti: Şəkidəki Zəyzid və Küngüt abidələrinin bərpası planlaşdırılır
# 05 noyabr 2022 16:39 (UTC +04:00)

Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən Zəyzid məbədi və Baş Küngüt kəndində yerləşən Küngüt məbədi tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir. Zəyzid qalası və qədim qəbiristanlıq isə yeni aşkar edilmiş abidə qismində qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, Zəyzid məbədinin bərpası və Küngüt məbədinin isə konservasiya edilməsi üçün investisiya planına daxil edilib.

“Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Sözügedən abidələrin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır.

Qeyd olunan bütün tarixi abidələrin qorunması, ətrafının abad saxlanılması Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılır”, - məlumatda deyilir.

Xatırladaq ki, bir müddət əvvəl AMEA-nın Tarix İnstitutun Atropatena - Albaniya (Qafqaz) tarixi şöbəsinin əməkdaşları ölkənin şimal-qərb regionunda elmi ezamiyyətdə olublar. Şəkinin Baş Zəyzid kəndi ərazisində yerləşən Xaçvari kilsə, Zəyzid qalası, onlara yaxın ərazidə mövcud olan qədim qəbiristanlıq ərazisi (qədim alban qəbiristanlığı olduğu deyilir) ilə tanış olublar. Bildirilib ki, bu abidələrin hər üçünün vəziyyəti qənaətbəxş deyil, kilsə və qala dağılma təhlükəsi ilə üz-üzədir, qəbiristanlıq ərazisi isə qorunmaq üçün sədlərə malik deyil, ətrafı zibillik əraziyə çevrilib və ərazi olaraq da ciddi tədqiqata ehtiyacı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR