Dünya İrs Komitəsinin sessiyasında Səmərqənd və Nesebır şəhərlərinin mövcud vəziyyəti müzakirə olunub

Dünya İrs Komitəsinin sessiyasında Səmərqənd və Nesebır şəhərlərinin mövcud vəziyyəti müzakirə olunub
# 04 iyul 2019 16:48 (UTC +04:00)

Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında 2001-ci ildə Dünya İrs Siyahısına “Səmərqənd; Mədəniyyətlərin qovuşduğu yer” adı ilə daxil edilmiş abidənin cari vəziyyəti müzakirə olunub.

APA-nın məlumatına görə, Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) məruzəçisi bildirib ki, 2022-ci ildə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.

Məruzəçinin sözlərinə görə, bu məqsədlə hazırda Səmərqənddə turizm infrastrukturları yaradılır: “Ümumiyyətlə, Səmərqənd şəhəri turizm zonası sayılır. Orada inşa olunan binaların bir çoxu özəl binalardır. Buna görə də Səmərqəndin tarixi hissəsindən bu infrastrukturu ayıran bufer zona yaradılmalıdır. Bu işlər 2020-ci ilədək görülməlidir. Bu tikintilərin texniki sənədləri olmalı və onların Səmərqəndin tarixi hissəsinə təsirinin qarşısının alınması planları həyata keçirilməlidir. Hətta hava limanından yeni yolun çəkilməsi nəzərdə tutulub. Təəssüf ki, tikinti haqqında bu günədək dəqiq təfərrüatlar verilmir. Hətta koordinatlar da təqdim olunmayıb. Səmərqənd şəhərinin baş planı yenidən nəzərdən keçirilməlidir. Buna görə üzv dövlət ICOMOS-la birgə fəaliyyətə dəvət olunur".

Özbəkistan baş nazirinin müavini Əziz Abduxakimov isə çıxışında bildirib ki, onun təmsil etdiyi hökumət dünya irsinin qorunub saxlanılmasında qətiyyətlidir: "Ötən il bizim ölkənin parlamentində qərar qəbul olundu ki, bu sahəyə hər hansı ziyan vurulması cinayət məsuliyyəti yaradacaq".

Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin Mərkəzi Asiyada keçirilən ən mühüm tədbirlərdən biri olacağını vurğulayıb: "Orada 16-ya yaxın dövlətin iştirak edəcəyi gözlənilir. Bununla biz tarixi İpək Yolunda yerləşən ölkələri bir araya gətirəcəyik. Hazırda müvafiq hazırlıqlar, əlaqələndirmə işləri aparılır. Biz bu məsələyə ilə bağlı razılaşdırmanı da mümkün hesab edirik. Bununla bağlı işçi qrupu yaradıla bilər. Biz əmin edirik ki, beynəlxalq ekspertlərin dəstəyi ilə Səmərqəndin qədim hissəsinin qorunub saxlanılması üçün səylər göstərəcəyik".

Müzakirələrdən sonra “Səmərqənd; Mədəniyyətlərin qovuşduğu yer” abidəsi Təhlükəli vəziyyətdə olan abidələr siyahısına daxil edilməyib.

Daha sonra Bolqarıstanın qədim liman şəhəri Nesebırdakı vəziyyət müzakirəyə çıxarılıb. İCOMOS ekspertlərinin hesabatları dinlənildikdən sonra Bolqarıstana üzv dövlət olaraq Nesebır şəhərinin vəziyyətini yaxşılaşdırmaq üçün konservasiya tədbirlərini gücləndirmək, tövsiyə edilən təklifləri yerinə yetirmək tələbi qoyulub.

Bolqarıstan 2021-ci ildə keçiriləcək 45-ci sessiyada hesabat verməlidir. Müsbət dəyişiklik olmadığı təqdirdə Nesebır Təhlükəli vəziyyətdə olan abidələr altında olan məkanlar siyahısına daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR