Əbülfəs Qarayev Kuba və Bəhreynin Mədəniyyət nazirləri ilə görüşüb

Əbülfəs Qarayev Kuba və Bəhreynin Mədəniyyət nazirləri ilə görüşüb
# 19 noyabr 2019 13:30 (UTC +04:00)

Mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Parisə səfəri çərçivəsində Kuba və Bəhreynin Mədəniyyət nazirləri ilə görüşüb.

APA-nın məlumatına görə, Kubanın Mədəniyyət naziri Alpidio Alonso Grau ilə keçirilən görüşdə nazir Ə.Qarayev iki ölkə arasında mövcud olan Hökumətlərarası Komissiyanın sədri kimi Mədəniyyət Nazirliyinin Azərbaycan ilə Kuba arasında yalnız mədəniyyət sahəsində deyil, digər sahələrdə də əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Nazir Komissiyanın sədri qismində Kubaya iki dəfə səfər etdiyini və səfərlər zamanı Kuba rəhbərliyi ilə iki ölkə arasında əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıldığını bildirib. Eyni zamanda nazir Kubada Azərbaycan mədəniyyət günlərinin keçirildiyini qeyd edib və bildirib ki, hələ Sovet dövründə Azərbaycan ilə Kuba arasında təhsil, idman, mədəniyyət, tibb sahələrində əlaqələr yüksək səviyyədə inkişaf edib.

Kubanın Mədəniyyət naziri görüş üçün öz təşəkkürünü bildirərək qeyd edib ki, bu yaxınlarda Kubanın prezidenti Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü iştirak məqsədilə səfərdə olub və Bakıdan çox gözəl təəssüratlarla qayıdıb, səfərdən sonra Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz tapşırıqlarını verib. Kuba Mədəniyyət naziri bu məqsədilə iki ölkə arasında hüquqi bazanın möhkəmləndirilməsi üçün mədəniyyət sahəsində əməkdaşlıq müqaviləsi və fəaliyyət proqramının hazırlanmasının faydalı olacağını da qeyd edib.

Ə.Qarayev bu sahədə böyük təcrübənin olduğunu və müvafiq sənədlərin ilkin layihələrinin qısa müddət ərzində Kuba tərəfindən göndəriləcəyini bildirib.

Sonda nazir Şəki və onun tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsində və Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyasında göstərilən dəstəyə görə Kuba tərəfinə təşəkkürünü bildirib.

Daha sonra Bəhreynin Mədəniyyət naziri Şeixa Mai bint Mohamed Əl-Xəlifə ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilib və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir Ə.Qarayev qeyd edib ki, Azərbaycanın 2018-2019-cu illər üzrə Ümumdünya İrs Komitəsinə sədrlik edəcəyi Komitənin Bəhreyndə keçirilmiş 42-ci sessiyası zamanı qərara alınıb. Nazir, həmçinin Bəhreyn tərəfinin Bakıda keçirilən sessiya zamanı Şəki və onun tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsində dəstək göstərdiyini qeyd edərək qarşı tərəfə təşəkkürünü bildirib.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi məsələsi də müzakirə edilib.

Ə.Qarayev Bəhreynin Muhərrəq şəhərinin UNESCO-nun Yaradıcı şəhərlər Proqramına daxil edilməsi münasibətilə həmkarını təbrik edib və Bakı şəhərinin də bu proqrama daxil edildiyini və bunun iki şəhər arasında əməkdaşlığın inkişafı üçün platforma olacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR