Firəngiz Əlizadə: "Almaniyada keçirilən konsert "Nəsimi ili"nə böyük töhfə oldu" 

Firəngiz Əlizadə: "Almaniyada keçirilən konsert "Nəsimi ili"nə böyük töhfə oldu" 
# 19 sentyabr 2019 15:20 (UTC +04:00)

"Azərbaycan Bəstəkarlar İttifaqı müstəqillik dövründə ilk dəfə özünün təşəbbüsü ilə Almaniyada üç gün konsert verib".

APA-nın məlumatına görə bunu, Berlində keçirilmiş “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsertə həsr olunmuş mətbuat konfransında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib.

F. Əlizadənin sözlərinə görə, birinci gün balet truppasının iştirakı ilə "Nəsimiyə ithaf" əsəri təqdim olunub: "Bu gözəl səhnə əsərinin təqdimatında xareoqraf Nailə Məmmədzadənin böyük əməyi var. Anar Mikayılov da Nəsiminin obrazını çox gözəl canlandırdı".

Xalq artisti konsertin birinci günündə bəstəkar Aliyə Məmmədovanın "Mərhəba" əsərinin və Tahir İbişovun "İşıqdan qopmuşlar" simli kvartet və vokal ifaçısı üçün musiqili kompozisiyasının səsləndirildiyini də vurğulayıb: "Konsertin ikinci günündə daha çox musiqi parçaları təqdim olundu. Mənim "Muğam sayağı kvartet"im və Səid Qəninin "İstəməz" pyesi səsləndirildi. Konsertin sonunda isə Mütəllim Dəmirovun ifasında bəstəkar Firudin Allahverdinin "Hardadır yaradan" musiqili kompozisiyası təqdim olundu. Hər iki əsərin dirijoru Tahir İbişov idi".

F. Əlizadə üçüncü konsertin "Teatron" salonunda keçirildiyini bildirib: "Bunlar hamısı böyük uğurdur, Berlin kimi şəhərdə insanları konsertlərə cəlb etmək hər kəsə nəsib olmur. Bildiyiniz kimi "Nəsimi ili" çərçivəsində Azərbaycanda bir sıra tədbirlər keçirilib. Almaniyada keçirilən konsert isə "Nəsimi ili"nə böyük töhfə oldu. Biz inanırıq ki, Almaniyada da Nəsimini sevdirə bildik".

Xalq artisti alman oxuculara Bəstəkarlar İttifaqının hazırladığı broşürlərin təqdim edildiyini vurğulayıb: "Bu broşürlarda Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarımız, Azərbaycanda keçirilən musiqi festivalları haqqında məlumatlar əks olunub. Təəssüf ki, vaxt darlığına görə, biz yalnız beş broşür buraxa bildik. Biz ilin axırına kimi bunların sayını artırmağı düşünürük".

Əməkdar artist İlham Nəcəfov isə bütün musiqiçilərin konsertdə çox yüksək səviyyədə iştirak etdiklərini söyləyib: "Deyim ki, folklor alətlərimiz də alman dinləyicilərinə çox ciddi təsir bağışladı".

Bəstəkar Aliyə Məmmədova konsertdə ifa edilən əsərlərin üçünün yeni olduğunu söyləyib: "Onların məşqi də konsertdən bir neçə ay əvvəl baş tutmuşdu. Ona görə bizim konsertə hazırlığımız çox gərgin iş şəraitində baş verdi, nəticədə musiqiçilərimiz böyük uğurla çıxış etdilər".

Qeyd edək ki, sentyabrın 11-də Almaniyanın paytaxtı Berlin şəhərində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş, bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təşkil edilib. Konsert Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR