Hesablama Palatası: Kino və teatra dair yeni proqrama ehtiyac var

Hesablama Palatası: Kino və teatra dair yeni proqrama ehtiyac var
# 04 may 2022 13:00 (UTC +04:00)

“Hesablama Palatası tərəfindən kinoya ayrılan vəsaitin istifadəsi ilə bağlı əvvəlki dövrdə də audit aparılıb. Bu sahəyə ayrılan vəsaitin istifadəsi ilə bağlı kifayət qədər problemli məsələlərin olduğu göstərilib”.

Bunu APA-ya müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Vüqar Gülməmmədov deyib ki, Palata tərəfindən o dövrdə Nazirlər Kabinetinə və Milli Məclisə də müvafiq təkliflər göndərilib: “Təkliflərin əsas qayəsi kino sahəsində dövlət sifarişi ilə bağlı mexanizmin təkmilləşməsidir. Bu təklif indi də öz aktuallığını qoruyur. Nəticəsi yekunlaşmayan indiki nəzarət tədbiri də göstərir ki, bu sahəyə dair konseptual inkişaf sənədinə, kino sahəsində olan qanunvericilikdə bəzi əlavə və dəyişikliklərin olması vacibdir. Prezident İlham Əliyev tərəfindən Kino Agentliyinin yaradılması ilə bağlı Fərman imzalanıb. Agentlik yaranandan sonra konseptual inkişaf proqramı olsa, yaxşı olar. Ümid edək ki, bu sahədə yaradılmış yeni qurum dövlətin kino sahəsinə dair gözləntilərini doğruldacaq”.

Mədəniyyət sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin daha səmərəli və nəticəyönümlü xərclənməsi üçün Hesablama Palatasının hansı təkliflər irəli sürməsinə gəlincə, Vüqar Gülməmmədov qeyd edib ki, bu sahədə hazırda nəzarət tədbiri aparılır: “Əvvəlki illərdən fərqli olaraq, audit predmeti dövlət satınalmalarının planlaşması və icrası vəziyyətinin normativ aktlara uyğunluğudur. Ötən illərin təcrübəsi də göstərir ki, həm kino, həm də teatr sahəsinə dair aydın nəticəli yeni proqrama ehtiyac var. Eyni zamanda, bu sahələrdə yuxarıda qeyd etdiyim kimi, dövlət sifarişinin formalaşması ilə bağlı mexanizm formalaşmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR