"Keşikçidağda Novruz adətləri yaşadılır" adlı festival keçirilib - FOTO

"Keşikçidağda Novruz adətləri yaşadılır" adlı festival keçirilib  - FOTO
# 17 mart 2022 07:40 (UTC +04:00)

16 mart tarixində “Keşikçidağ” Dövlət tarix-mdəəniyyət qoruğunun ərazisində “Keşikçidağda Novruz adətləri yaşadılır” adlı festival keçirilib.

APA xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə təşkil olunan festival Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan biri olan Novruzu yeniyetmə nəslə aşılanması məqsədi daşıyır. “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğuna məxsus informasiya mərkəzinin önündə təşkil edilən festivalda qazi və şəhid övladları iştirak edib.

Tədbirdə bir çox idarə və təşkilatların məsul şəxsləri, həmçinin el ağsaqqalları, tanınmış ziyalılar da iştirak etmişdir.

İştirakçılar qoruğa məxsus informasiya mərkəzinin önündə qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, ud sədaları altında, Kosa, Keçəl, Bahar qızının iştirakı ilə qarşılanıb.

Sonra qonaqlar Novruz atributları ilə bəzədilmiş dekorasiyalarla və alaçıqlarla tanış oldular. Milli mətbəximizin ən gözəl və ləziz təamlarını nümayiş etdirmək üçün qurulan saclarda göy qutabı və fəsəli hazırlanıb, kəklikotulu samavar çayı, paxlava, şəkərbura, səməni bayram süfrəsini bəzəyib.

Tədbirdə idarə və təşkilatların məsul şəxsləri, el ağsaqalları və qonaqlar Novruz bayramı və adətləri haqqında öz xatirələrini, fikirlərini söyləyiblər.

Milli geyimli oğlan və qızların iştirakı ilə “Yallı”, çiyinlərində səhənglə bulaqdan su gətirən qızların rəqsləri xüsusi maraqla qarşılandı. Qoruğun yerləşdiyi Ceyrançöl ərazisində Dilboz atlardan istifadə etməklə “Çövkən” milli oyunu keçirilib.

Ucsuz-bucaqsız Ceyrançöldə ta qədimdən heyvandarlıq ən əsas məşğuliyyət sahəsi olub. Bu torpaqlarda yaşayan yorğanı ağ buludlar, yastığı qayalar hesab edilən yapıncılı çobanların sayaçı sözləri altında qoyunlarını ağıla gətirməsi, onların quzularla görüşdürülməsi səhnəsi maraqla qarşılanıb.

Tədbir böyük bayram tonqlının qalanması və qonaqların iştirakı ilə ocaq ətrafında “Yallı” rəqsinin oynanılması ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR