Kino ittifaqları Vüqar Gülməmmədovun təklifinə münasibət bildirib

Əli İsa Cabbarov, Ayaz Salayev

© APA | Əli İsa Cabbarov, Ayaz Salayev

# 27 may 2022 17:58 (UTC +04:00)

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun kino sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin azaldılması ilə bağlı təklifi müzakirələrə səbəb olub.

Belə ki, Vüqar Gülməmmədovun kino sahəsinə ayrılan vəsaitin azaldıla biləcəyini vurğulayıb.

“Biz hesab edirik ki, kinoya ayrılan pulu yarıbayarı kəsmək olar. Bu, indiki şəraitdə bizim fikrimizdir. Hesablama Palatasının rəyinin 121-ci səhifəsində kino çəkilməsinə ayrılan vəsaitlərin necə xərclənməsi barədə məlumatlar var”, – sədr qeyd edib.

APA həm Azərbaycan Kinematoqrafçılar İttifaqı, həm də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sözügedən fikrə münasibətini öyrənib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun fikirlərini hərfi mənada başa düşmək və münasibət bildirmək doğru deyil:

“İstənilən halda, bu cür mükalimələrin kinonun ümumi prosesinə təkan verəcəyini düşünürük. Lakin Vüqar müəllimin bu cür reaksiyasına görə, əvvəlcə ümumi gedişatı bu situasiyaya gətirib çıxaranlara suallar vermək lazımdır. Sözsüz ki, Hesablama Palatasının bu fikrinə hərfi cəhətdən yanaşmaq olmaz. Bu fikir Hesablama Palatasının ümumi yoxlamasının nəticələrinə əsaslanır. Yəni verilən məbləğ ciddi, məsuliyyətli və pozuntulardan uzaq şəkildə xərclənməlidir. Dövlət tərəfindən ayrılan vəsaitin xərclənməsi prosesi effektiv olmalıdır. Məsələn, bu il 6 milyon yarım vəsait ayrılıb, amma bu beş ay ərzində bir dənə də olsun, film istehsalata buraxılmayıb. Ötən il çəkilən filmlər isə ictimaiyyətə təqdim olunmayıb. Düzdür, filmlərin festivallara göndərilməsi arqumenti gətirilir, lakin biz bilirik ki, burada subyektiv amillər də var. Yəni, məsul şəxslərin məsuliyyətsizliyi var. Biz düşünürük ki, bu məsuliyyətsizliyi də məhz Kino Agentliyi aradan qaldıracaq.

Düşünürük ki, kino sahəsinə ayrılan vəsait nəinki azaldılmamalı, ən azı, bu səviyyədə saxlanmalı və effektivliyi çoxaldılmalıdır, daha sonra isə ayrılan vəsait artırılmalıdır”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayev isə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın bu gün keçdiyi inkişaf yolunda kino ən vacib məsələlərdəndir:

“Heç bir xalq, heç bir millət güclü kinematoqrafiya olmadan inkişaf edə bilməz. Kino milli mədəniyyətin bir hissəsidir və birbaşa xalqın təfəkkürünə, mənəviyyatına təsir edir, müəyyən mənada kömək edir. Kino vasitəsilə hər hansısa bir xalq, millət öz özünü dərk edir, dünya prosesində və tarixində öz yerini tapır. Bu gün xalqımızın iradəsi və cənab Prezidentin sayəsində ölkəmiz yeni bir inkişaf mərhələsi keçir. Biz hesab edirik ki, bu inkişaf mərhələsində kino hava, su kimi lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR