Mədəniyyət naziri ABŞ-ın yəhudi icmasının nümayəndələri ilə görüşüb

Mədəniyyət naziri ABŞ-ın yəhudi icmasının nümayəndələri ilə görüşüb
  • Clock-gray 16:36
  • calendar-gray 30 Oktyabr 2019

Oktyabrın 30-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan ABŞ yəhudi icmasının nümayəndələri –lobbiçilik xidməti üzrə fəaliyyət göstərən AJC təşkilatının Rusiya və Avrasiya məsələləri üzrə direktoru Sam Kliger və “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov ilə görüşüb.

APA-nın məlumatına görə, qonaqları salamlayan Əbülfəs Qarayev onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətindən danışaraq ölkə mədəniyyətinin təbliği istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan zəngin mədəniyyətə, tarixi və arxeoloji abidələrə sahibdir. Bu irsin qorunması, bərpası və təbliği sahəsində müxtəlif layihələr gerçəkləşdirilir. Ə.Qarayev həmçinin Ermənistanın ölkəmizə hərbi təcavüzündən söz açaraq işğal olunmuş torpaqlarımızda xalqımızın mədəni isinin talan edildiyini, tarixi-mədəni abidələrin dağıdıldığını diqqətə çatdırıb.

Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı və tolerant ölkə kimi tanındığını vurğulayan Əbülfəs Qarayev qeyd edib ki, uzun illərdir yəhudilərlə azərbaycanlılar birlikdə, sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Onun sözlərinə görə, Quba rayonunda dağ yəhudilərinin yaşadıqları Qırmızı Qəsəbə buna bariz nümunədir.

Nazir Azərbaycan Prezidentinin dəstəyi ilə mədəniyyətlərarası dialoq istiqamətində həyata keçirilən qlobal əhəmiyyətli tədbirlər, “Bakı Prosesi” çərçivəsində reallaşdırılan forumlar barədə də qonaqları məlumatlandırıb. İki ildən bir Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışan Ə.Qarayev İsrail dövlətinin də tədbirdə aktiv iştirak etdiyini deyib. Dediyinə görə, belə beynəlxalq tədbirlər ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.

Səmimi qəbula görə minnətdarlığını bildirən Sam Kliger Azərbaycan xalqı və yəhudi icması arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qonaq qeyd edib ki, bu əlaqələrin nəinki mədəniyyət, bütün sahələrdə gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılması lazımdır.

Baş redaktor Rafael Nektalov Mədəniyyət Nazirliyinin bir çox ölkələrlə mədəniyyət üzrə təcrübə mübadiləsi apardığını yüksək qiymətləndirərək, musiqi sahəsi üzrə təhsil alan azərbaycanlı tələbələrin ABŞ-da təhsil-təcrübə keçməsi, eləcə də ölkəmizdə Yəhudi festivalının keçirilməsi ilə bağlı təklif və istəklərini diqqətə çatdırıb.

Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date