Mədəniyyət naziri və nazir müavini bölgələrdə vətəndaşları qəbul edib

Mədəniyyət naziri və nazir müavini bölgələrdə vətəndaşları qəbul edib
  • Clock-gray 14:48
  • calendar-gray 25 Oktyabr 2019

Oktyabrın 25-də Mədəniyyət naziri Əbülfəs Qarayev Ucar rayonunda Ucar və Zərdabdan olan vətəndaşlarla görüşüb.

APA-nın məlumatına görə, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov isə Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Ə. Qarayevin Ucardakı Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda sakinlər tərəfindən Ucar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasının yenilənməsi, rayon Mədəniyyət mərkəzinin və Ucar Uşaq incəsənət məktəbinin əsaslı təmir olunması, tədris ocağına musiqi alətlərinin verilməsi ilə bağlı müraciətlər səslənib.

Qəbulda həmçinin Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində əsaslı təmir və tərtibat işlərinin aparılması, mədəniyyət müəssisələrinin internet xətlərinin yenilənməsi, Zərdab Rayon Mədəniyyət Mərkəzinin filmlərin nümayişi üçün avadanlıqlarla təmin olunması, kitabxanalara yeni avadanlıqların və yeni ədəbiyyatların verilməsi, habelə fəxri adla, işlə təmin olunma barədə müraciətlər olub.

Nazir müavini Rafiq Bayramovun vətəndaşlarla görüşündə isə Ağdaş və Göyçay sakinləri tərəfindən rayon kitabxanaları ilə respublika kitabxanaları arasında internet şəbəkəsinin yaradılması, Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyində tərtibat işlərinin tamamlanması, muzey zalının dam örtüyünün dəyişdirilməsi, mədəniyyət müəssisələrinin əlamətdar günlərə həsr olunmuş videomateriallarla təmin edilməsi, görkəmli sənət adamları ilə görüşlərin təşkilinə köməklik göstərilməsi xahiş olunub.

Görüşdə Göyçay rayon Heydər Əliyev Mərkəzinə ümummilli liderin şəxsi əşyalarının surətlərinin verilməsi və dahi siyasətçinin iş otağının maketinin hazırlanması, Rəsul Rzanın ev-muzeyinin turizm marşrutuna salınması, kitabxanaların kənd təsərrüfatı ilə bağlı ədəbiyyatlarla təmin olunması, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date