Mədəniyyət Nazirliyi: Bakının UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması tarixi hadisədir

Mədəniyyət Nazirliyi: Bakının UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması tarixi hadisədir
# 31 oktyabr 2019 15:39 (UTC +04:00)

"Bakının UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi bizə paytaxtı, eyni zamanda regionlarımızı yaradıcı mərkəzə çevirməyə imkan verəcək".

APA-nın məlumatına görə, bunu Bakının UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsinə həsr olunmuş brifinqdə Mədəniyyət Nazirliyinin Aparat rəhbərini müavini, Beynəlxalq əlaqələr və innovativ əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

O bildirib ki, Bakı səhərinin UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması ölkəmiz üçün tarixi hadisədir: "Ümumilikdə bu şəbəkəyə 246 şəhər daxildir. Bunların içində Berlin, İstanbul kimi şəhərlər də yer alır. Şəhərlər bu siyahıya incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi kateqoriyaları üzrə salınır".

V.Eyvazzadənin dediyinə görə, Bakı şəhəri dizayn kateqoriyası üzrə siyahıya salınıb: "Şəhərlərin bu siyahıya salınmasında 3 T prinsipi əsas götürülür, bunlar talant, texnologiya və tolerantlıq nəzərdə tutulur".

Şöbə müdiri "Yaradıcı şəhərlər şəbəkəsi"nin UNESCO tərfindən 2004-cü ildə yaradıldığını xatırladıb:"Bu siyahıya salınan şəhərlərin qarşısına müəyyən öhdəliklər qoyulur. Həmin tələblər nəzərə alınaraq yol xəritəsi hazırlanmalı və onun əsasında müəyyən işlər görülməlidir. Bu, bizə Bakıda və eyni zamanda, regionlarımızda yaradıcı sənayesinin inkişaf etdirilməsinə, eləcə də innovativ layihələrin həyata keçirilməsinə kömək edəcək. Burada əsas məqsəd şəhərsalmada inkluziv şəhərsalmanın şərtlərinə əməl etməkdir. Hesab edirik ki, bu sahədə görülən işlərdə mərkəzi icra orqanları da xüsusi rol oynayacaq".

Onun sözlərinə görə, son zamanlar Bakıda keçirilən çoxsaylı tədbirlər, paytaxtda qədim memarlıqla müasir memarlığın vəhdət halında olması, o cümlədən ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri bu qərarın verilməsinə kömək edib: "Bu tarixi hadisə münasibəti ilə Bakınn brendləşdirilməsində xüsusi iş aparılacaq. Bu da ölkəmizə turist axınının artmasına ciddi təsir göstərəcək. Hazırda Bakı şəhərinin Baş Planı hazırlanır. Biz gələcəkdə Bakıda kreativ mərkəzin formalaşdırılmasına çalışacağıq. Hesab edirik ki, bu layihələr Bakının yaradıcı şəhər kimi statusunun möhkəmlənməsinə təsir göstərəcək".

V. Eyvazzadə bildirib ki, Şəki şəhəri 2017-ci ildə "sənət və sənətkarlıq" kateqoriyası üzrə bu siyahıya salınıb: "Hazırda Şəki və Bakı şəhərləri bu siyahıya daxildir. Hələlik adlarını açıqlamaq istəməsək də, gələcəkdə başqa şəhərlərimizin də ədəbiyyat, musiqi şəhəri kimi UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə cəlb etməyə çalışacağıq".

Aparat rəhbərinin müavini onu da qeyd edib ki, Cənubi Qafqaz regionunda yalnız Bakı və Şəki şəhərləri bu siyahıya salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR