MENAR Beynəlxalq Festivalında “Xarıbülbül əfsanəsi” filmi nümayiş olunub

MENAR Beynəlxalq Festivalında “Xarıbülbül əfsanəsi” filmi nümayiş olunub
# 20 yanvar 2023 12:37 (UTC +04:00)

Yanvarın 19-da Bolqarıstanda keçirilən 15-ci MENAR Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycanın Zəfər rəmzi olan Xarı bülbül gülünün hekayəsindən bəhs edən “Xarıbülbül əfsanəsi” sənədli filmi, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Olimpiya” bədii filmi nümayiş etdirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən xəbərə görə, filmlərin təqdimatı səfirliyin təşkilatçılığı ilə Sofiya şəhərinin “Kino Evi”ndə keçirilmiş Azərbaycan kinosu gecəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və MENAR Beynəlxalq Film Festivalının təşkilatçı şirkətinin rəhbəri Zdravko Qriqorov təqdimat mərasimində iştirak edən çox saylı izləyicilərə Azərbaycan mədəniyyəti və kino incəsənəti haqqında məlumat veriblər.

Beynəlxalq festival çərçivəsində nümayiş etdiriləcək “Xarıbülbül əfsanəsi” sənədli filmi haqqında danışaraq, səfir Hüseyn Hüseynov Xarı bülbül gülünün Azərbaycanın 2020-ci ildə apardığı Vətən Müharibəsində zəfər simvoluna çevrildiyini və bu gülün Azərbaycanın Qarabağ bölgəsi və Şuşa şəhərinə xas olduğunu diqqətə çatdırıb. Səfir filmdə görkəmli elm və mədəniyyət xadimlərinin Azərbaycanın Qarabağ bölgəsi və ölkəmizin mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında fikirləri, bu şəhərdə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı, eləcə də Azərbaycan ədəbiyyatı və milli musiqi inciləri ilə bağlı düşüncələrinin filmin əsas xəttini təşkil etdiyini vurğulayıb.

Sonra “Xarıbülbül əfsanəsi” sənədli filmi və “Olimpiya” bədii filmi tamaşaçıların diqqətinə təqdim olunub.

Tədbirdə Bolqarıstanın dövlət qurumlarının rəsmiləri, BR parlamentinin üzvləri, yerli mədəniyyət xadimləri, ölkədə akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin nümayəndələri, həmçinin yerli və əcnəbi kinosevərlər iştirak ediblər.

16-29 yanvar 2023-cü il tarixlərində keçiriləcək 15-ci MENAR Beynəlxalq Film Festivalında 14 ölkənin 40 yaxın filmləri nümayiş etdiriləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR