Milli Kitabxanada Mehriban Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sərgi keçirilib

Milli Kitabxanada Mehriban Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sərgi keçirilib
# 26 avqust 2019 12:00 (UTC +04:00)

Avqustun 26-da Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Milli-mənəvi dəyərlərin təəssübkeşi" adlı kitab sərgisi keçirilib.

APA-nın məlumatına görə, sərgi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum gününə həsr olunub.

Sərgidə M.Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş nəşrlər nümayiş etdirilib.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, bu gün Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin hamisi, onların qorunmasında və dünya miqyasında tanıdılmasında əvəzsiz rolu olan Mehriban xanım Əliyevanın ad günüdür: "Əgər biz milli-mənəvi dəyərlərdən danışırıqsa, onun adını çəkməmək mümkün deyil. Mən Milli Kitabxananın kollektivi adından onu təbrik edirəm".

O, qeyd edib ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın rolu danılmazdır: "Heydər Əliyev Fondunun nəşr etdiyi kitablar Azərbaycanın vizit kartı hesab olunur. Bizim xaricdə iştirak etdiyimiz sərgilərdə ən başda Heydər Əliyev Fondunun nəşr etdiyi kitablar dayanır və deyim ki, çox böyük maraqla qarşılanır. Bu kitabların ərsəyə gəlməsində Mehriban xanımın rolu danılmazdır. Biz də Milli Kitabxana olaraq həmin kitabların bütün dünya kitabxanalarına göndərilməsinə, təbliğ olunmasına çalışırıq".

K.Tahirov Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi gördüyü işləri titanik fəaliyyətin bəhrəsi adlandırıb: "Bu gün təkcə milli-mənəvi dəyərlərimiz deyil, tarixi abidələrimiz də UNESCO-nun Dünya Mədəni İrs siyahısına salınıb. Bu işləri həyata keçirmək heç də asan deyil. Heydər Əliyev Fondu təkcə Azərbaycan mədəniyyətinin yox, bütövlükdə bəşər mədəniyyətinin qorunub gələcək nəsillərə çatdırılmasında nəhəng işlər görür. Mehriban xanın birinci vitse-prezident kimi də təhsil, mədəniyyət, səhiyyə sahəsində böyük işlərə imza atır. Xalça Muzeyinin, Muğam Mərkəzinin tikilməsi ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən nəhəng layihələrdəndir. Heydər Əliyev Fondunun muğamlarımızın qorunub gələcək nəsillərə ötürülməsi yolunda gördüyü işlər də diqqətəlayiqdir. Bu gün Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələri bu hamiçiliyin göstəricisidir. Heç bir ölkədə muğam Azərbaycandakı qədər dövlət tərəfindən qorunub himayə olunmur".

Direktor Milli Kitabxana olaraq vəzifələrinin Heydər Əliyev Fondunun fəaliyyətinin əks edildiyi kitabları dünyada təbliğ etmək olduğunu deyib: "Biz bu kitabların elektron variantlarını da hazırlayıb oxuculara təqdim etmişik. Bu yolda daim çalışacaq, bu layihələrin gələcək nəsillərə çatdırılmasında üzərimizə düşən missiyanı layiqincə yerinə yetirəcəyik".

Sonra qonaqlar sərgi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR