Nazir: “Bakı sessiyasında 29 nominasiya Dünya İrs Siyahısına salınıb”

Nazir: “Bakı sessiyasında 29 nominasiya Dünya İrs Siyahısına salınıb”
# 08 iyul 2019 12:31 (UTC +04:00)

Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.

APA-nın məlumatına görə, təşkilat komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev ötən günlər keçirilən müzakirələrdən danışıb.

Nazir bildirib ki, ötən müddətdə Bakı sessiyasında 29 nominasiya UNESCO-nun siyahısına salınıb, bir fayl geri götürülüb: “Bununla da UNESCO-nun Dünya İrs Siyahısında yer alan mədəni irs nümunələrinin sayı 1121-ə çatıb. Bunlardan 869-u mədəni, 213-ü təbii, 39-u qarışıq irs nümunəsidir”.
Bildirilib ki, gələn il keçiriləcək 44-cü sessiyada 160-dan çox sahənin siyahıya daxil edilməsinə baxılacaq.

Bu gün Keniyanın qədim Lamu şəhəri ilə bağlı fayla ediləcək dəyişikliklər müzakirə olunub. Bununla bağlı müzakirələrin əvvəl də aparıldığı bildirilib.
Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) nümayəndəsi təqdim olunan faylla bağlı hesabat verib, sonra müzakirələr aparılıb.
Üzv dövlətlərin nümayəndələri tövsiyə edib ki, Keniya bu nominasiyaya düzəlişlər edərək 44-cü sessiyada yenidən təqdim etsin.

Sonra sessiyada iqlim dəyişiklikləri ilə bağlı komitənin təqdim etdiyi sənəd, eyni zamanda, konvensiyanın bəzi qərarlarına dəyişikliklər müzakirə olunub. Təkliflər nəzərə alınmaqla bəzi dəyişikliklər təsdiq edilib.

Sessiya davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR