Qəbələ XI Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub

Qəbələ XI Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub
# 02 avqust 2019 00:41 (UTC +04:00)

Avqustun 1-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Sonra mərasimdə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış edib. Bildirilib ki, əsası Heydər Əliyev Fondu tərəfindən qoyulan bu festival öz əhəmiyyətinə görə artıq dünyanın hər yerində tanınır: "Bu festival ölkəmizlə bərabər inkişaf edir. Festival təkcə mədəni əlaqələrin deyil, eyni zamanda, insanlar arasında dostluğun, qardaşlığın, dövlətlər arasında yüksək mədəni əlaqələrin yaranmasında çox böyük əhəmiyyət daşıyır. İndi dünyanın ən ucqar ölkələrindən - uzaq Çindən, Amerikadan, İngiltərədən, Almaniyadan, Fransadan, Şərq ölkələrindən, Türkiyədən, İrandan bizim festivala qonaqlar gəlir. Bu festivalda dünyanın ən görkəmli sənət adamları iştirak edirlər. Onlar çox istedadlı insanlardır və hər kəs onları görmək, ifalarını dinləmək istəyir. Qəbələ festivalı ölkəmizin həyatında böyük uğurlar qazanan mədəni tədbirlərdən biridir".

Natiqlər builki festivalın, eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı yubiley tədbirlərin keçirildiyi bir dövrə təsadüf etdiyini və bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu bildirib.

Açılış mərasimindən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə gerçəkləşən konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyovanın (piano) və Yeganə Axundovanın (piano) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR