Qobustanda Foz Koa qayaüstü təsvirlərinə həsr olunmuş sərgi açılıb

Qobustanda Foz Koa qayaüstü təsvirlərinə həsr olunmuş sərgi açılıb
# 05 iyul 2019 14:56 (UTC +04:00)

Bu gün Qobustan Milli Tarix-Bədii qoruğunda “Avropanı qayaüstü incəsənətlə gəzək” adlı sərginin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, sərgi Portuqaliyanın UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qayaüstü incəsənət abidəsi Foz Koanın qayaüstü təsvirlərinə həsr olunub.

Tədbirin açılış mərasimində çıxış edən Qobustan Milli Tarix-Bədii qoruğunun direktoru Vüqar İsayev sərginin əhəmiyyətindən danışıb. O bildirib ki, Qobustan qoruğunun dünyada tanıdılması üçün müxtəlif layihələr icra olunur, əməkdaşlıq əlaqələri qurulur: “Bu sərginin təşkil olunması da Qobustan Milli Tarix-Bədii qoruğu və Foz Koa qoruğu arasında əməkdaşlığın başlanğıcı olacaq. İki qoruq arasında əməkdaşlığın gücləndirilməsi məqsədi ilə bu ilin oktyabr ayında Qobustan qoruğunun Portuqaliyada sərgisi təşkil olunacaq”.

Foz Koa qoruğunun direktoru Buruno Navarro deyib ki, rəhbəri olduğu qoruqda olan qayaüstü rəsmlərin yaşı 20-30 min ili əhatə edir: “Avropanın iki ən böyük açıq səma altında qayaüstü incəsənət abidəsi olan Qobustan və Foz Koa-nın arxeoloji kontekstə bənzər cəhətləri var. Tədqiqatçılar xüsusilə bu iki abidənin hazırda nəsli kəsilmiş ibtidai öküz təsvirlərinin stilistik və xronoloji bənzərliyini vurğulayırlar. Bu sərginin təşkil olunması Qobustan qoruğu ilə əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq. Budan sonra qarşılıqlı səfərlərin, sərgilərin təşkil olunması, təcrübə mübadiləsinin aparılması istiqamətində çalışacağıq".

Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgidə Foz Koa dərəsində qayaüstü təsvirlərin aşkar olunması, onların qorunması uğrunda ictimaiyyətin mübarizəsi, bu qayaüstü incəsənətin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi, burada aparılan arxeoloji araşdırmalar haqqında məlumatlar və illustrasiyalar öz əksini tapıb.

Sərgi iyulun 15-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR