Ramiz Quliyev: “Tarı öyrənib gitaraya yönəlirlər, sonra toyxanalara gedirlər” - MÜSAHİBƏ

Xalq artisti, tarzən Ramiz Quliyev

© APA | Xalq artisti, tarzən Ramiz Quliyev

# 29 mart 2022 12:28 (UTC +04:00)

Xalq artisti, tarzən Ramiz Quliyevin APA-ya müsahibəsi

Bakı Musiqi Akademiyasının dəhlizində irəlilədikcə uzaqdan tarın səsi eşidilir. Otaqlardan hansındasa dərs olduğunu düşünə-düşünə yavaş-yavaş dəhlizin sonuna çatırıq. Budur, Ramiz müəllim tarı sinəsinə sıxıb ifa edir. Musiqi nə qədər tanış gəlsə də, adını xatırlaya bilmirəm. Elə bu vaxt Ramiz müəllim bizim otaqda olduğumuzun fərqinə varır. Yaxınlaşır, görüşürük, ilk sualı “Mən səni haradansa tanıyıram?” olur....

– Mən sizdən Əlibaba müəllimin (Əlibaba Məmmədov) dəfnində açıqlama almışdım.

– Hə, ay sağ ol, yadıma düşdü. Əlibaba müəllim böyük sənətkar idi. Biz onunla ilk dəfə 1964-cü ildə görüşmüşük. Məndən, təxminən, 20 yaş böyük idi. Müsabiqə yolu ilə Filarmoniyada işə qəbul olmuşdum. Bax elə bu binada, düz 58 il qabaq mən tələbə olmuşam. Sonra isə müəllim oldum, kafedra müdiri oldum, professor adı aldım – bütün bunlar hamısı mənim üçün əziz xatirədir. Əlibaba müəllimin vəfatı isə mənə çox təsir eləmişdi. Düzdür, o, doyunca yaşadı, amma, istənilən halda, adama təsir edir. Çox mədəni, alicənab adam idi.

Mən 1964-cü ildə Əliağa Quliyevin rəhbərliyi elədiyi ansamblın üzvlərindən biri idim. Bir dəfə ansamblın məşqindən sonra Əlibaba müəllim “Çahargah” muğamında mənim onu müşayiət eləməyimi istədi. O muğam da çox çətindir. Əliağa müəllim dedi ki, çətin olar, eləməsin, hələ cavandır. Əlibaba müəllim çox israrlı idi, bir az duruxub cavab verdi ki, yox, onun barmaqlarından od tökülür, qoy müşayiət eləsin. Əliağa müəllim yenə qayıtdı ki, yox, birdən səni yola verə bilməz. Əlibaba müəllim də gülə-gülə dedi ki, eybi yox, o, yola verə bilməz, mən onu yola verərəm.

Bizim tanışlığımız bax belə oldu və ondan sonra Xan Şuşinskidən başlamış çox xanəndəni müşayiət elədim. 1974-cü ildə Moskvadakı Estrada Artistlərinin Beşinci Qurultayının qalibi oldum, Filarmoniyada məni solist kimi təltif elədilər, sərəncam verildi. Bu nominasiyada solist kimi ilk tar çalan Qurban Pirimov, ikinci Hacı Məmmədov, üçüncü isə mən olmuşam. Onu da deyim ki, çox ağır öhdəlikdir.

– Ramiz müəllim, müşayiətdən danışmışkən, biz sizi, daha çox solo ifaçı kimi tanıyırıq.

– Hə, doğrudur. Mən gördüm ki, kimi müşayiət etsəm, ad onun adı olur. Məsələn, Arif Babayevi müşayiət edirəm, deyirlər, Arif Babayevi müşayiət edən Ramiz Quliyev. Yəni nə qədər usta ifaçı olsan da, ad, ünvan xanəndənindir. Mənim də təhsilim ali təhsildir, ona görə istədim ki, daha çox özümü göstərim, öz adım olsun.

Özünüzə çox inanırdınız, deməli.

– Əlbəttə! 1994-cü ilə qədər müxtəlif yerlərdə xanəndələri müşayiət eləmişəm. Bunlar məni inkişaf etdirib, doğrudur. Amma bundan sonra artıq solo ifaya üstünlük verdim. Yəni gördüm ki, mən özüm olmalıyam. Yalnız özüm. Və klassiklərin, Azərbaycan bəstəkarlarının əsərlərini ardıcıl və sistemli şəkildə ifa elədim. Çalışdım ki, hər birindən nümunə olsun. Bunu hər adam edə bilmir.

– Yeni nəsil tar ifaçıları ilə aranız necədir?

– Yaxşıdır. İstedadlıları, təhsilliləri var, amma demək olar ki, heç birində tamlıq, kamillik yoxdur.

– Daha çox aranjemana meyllidirlər. Tara, bir növ, yeni nəfəs gətirmək istəyirlər.

– Olmaz, qəti olmaz! Əsrlər boyu xalq çalğı alətləri ifaçılığında böyük məktəblər olub. Hamısı da yüksək səviyyədə. Bax sənin dediyin o yeni nəfəs qatmağa çalışanlar məgər onlardan böyükdür? Yox, qətiyyən yox! O dediyim məktəb nümayəndələrinin ikisi-üçü bəs edir, söhbət ustalıqdan gedir. Bilirsən, klassik ifa ənənə ilə müasirliyin içində olmalıdır, bu cür davam etdirilməlidir. Dediyin o cavan ifaçıların texnikaları var, müəyyən mənada ağıllı çalanlar da var, amma bəzən sərhədi aşırlar, “dəlilik” edirlər, belə şeylər isə tar sənətində olmaz, yolverilməzdir. Bu cür “dəliliy”i idmanda edərlər, musiqi düşündürmək üçündür, yaşamaq məsələsidir.

Bir neçə dəfə onlarla müsabiqələrdə rastlaşmışıq. İzah eləmişəm ki, bu elə bir sənətdir ki, burada ənənəyə xələl gətirmək olmaz. Üzeyir bəydən böyüksünüz? Yox! Fikrət Əmirovdan böyüksünüz? Yox! Heç ola da bilməzsiniz. Amma dediyin o gənclərdən biri o dəfə deyir ki, mənim 600-ə yaxın əsərim var. Hamısı da nə? Yalançı tar üstündə aşağı-yuxarı gəzişmələr, mənasız dınqıldatmalar. Bunlar əsərdir? Demişəm özlərinə, dəfələrlə demişəm. Demişəm ki, oğul, sən bu “Şur”u “Şur” kimi çalmırsan, kökünə vara bilmirsən. Sən əvvəlcə o kökə var ki, sonrakı elədiyin o gəzişmələr effektli olsun...

Söhbət vaxtı Ramiz müəllim tez-tez tara baxır. Hiss edirəm ki, dediklərini bir də əyani olaraq göstərmək istəyir. Mən də mane olmuram. “Göstərə bilərsiniz” deyirəm. “Bəs de də bunu bayaqdan” – deyib tarı sinəsinə sıxır. “Şur” üstündə gəzişmələr edir...

...Saatlarla davam edə bilərəm, 75 yaşım var mənim, mən o gəzişmələri edə bilmərəm ki? Amma əsas o kökdür, həmin özəkdir, onu verməlisən, hiss elətdirməlisən. Klassik əsərlərə yamaq eləmək olmaz, qətiyyən olmaz! Hamısı camaatı aldatmaqdır. Amma məni aldada bilməzlər axı, mən o sənəti müdafiə eləməsəm, kim edəcək? Və sənə deyim ki, bunların çoxu onun-bunun qohumlarıdır, yalandan sənətçi adı ilə çıxarırlar səhnəyə. Sonra da müdafiə edirlər. Olmaz! Qətiyyən olmaz! Xarici ölkələrə səfərlərə gedirlər, çox gözəl, amma həm də bu cür fürsətlərdə milli sənətimizi, muğamımızı düzgün təmsil etməli, düzgün tanıtmalıdırlar axı.

Bir dəfə həyat yoldaşım məni çağırdı ki, gəl bu ifaya bax, gör bu kimdir, neyləyir? Vallah, baxıb o qədər gülmüşük ki...

Ramiz müəllim əllərini qoşalayıb üzünə tutur, bir xeyli gülür...

...Tar çalmaq budur? Bu deyil axı.

– Ramiz müəllim, tara sırf sizin gətirdiyiniz yeniliklərdən danışsaq...

– O qədərdir ki. Başdan-ayağa yenilikdir hamısı. O vaxt Mənsur Mənsurov, Bəhram Mənsurov, Əhməd Bakıxanov və digərləri, daha sonra isə Hacı Məmmədov vardı ki, əməlli-başlı texnika nümayiş etdirirdilər. Hacının ali təhsili yox idi, amma onun yolu başqa yol idi, yeni idi. 70-ci illərdə isə biz gəldik. Yüzlərlə yeni tərz ifalar, yeniliklərlə gəldik. İndikilər kimi dınqıltılardan yox e, mən sanballı yenilikdən danışıram, klassik nəfəsi qoruya-qoruya yenilik gətirməyi deyirəm. Sən o təzə ifaçılar var ha, çağır gətir hamısını bura. Görüm məni aldada biləcəklər? Bilirsən, oğul, xalqa iki şey etmək olmaz: aldatmaq və minnət qoymaq. Bir də bu adamları yıxan əsas şey toyxanalardır. Gəlib tarixi aləti – tarı öyrənib sonra yönəlirlər gitaraya, gedirlər toyxanalara. Bu məni narahat etməyə bilməz.

– Azərbaycan tarını dünya nə dərəcədə tanıyır? Məsələn, İran bu yöndə daha çox uğur qazanmış kimidir.

– 70-ci illərdən sonra Avropa, Amerika ölkələrinə, elə İranın özünə biz ustad dərslərinə getmişik. Özəl qurumlar 90-cı illərin sonunda məni dəvət edirdi, 1 saatı 120 dollardan dərslər verirdim. Ondan sonra isə buraya – Bakıya gəlirdilər, mənim dərslərimə baxırdılar. Hətta indinin özündə belə bu ənənə davam edir. İndi onlar bu dediklərimdən sonra dünyaya necə, nə cür tanıdıblar, onu bilmirəm.

2012-ci ildə UNESCO-nun böyük bir tədbiri keçirilirdi. Orda iranlılar, uyğurlar hamısı dedi ki, bəs tar bizimdir. Hərə öz adına çıxardı. Mən xatırlayıram, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yüksək səviyyədə Azərbaycanın tarının UNESCO-da təqdimatı oldu. Nazirlik və Fond çox müdrikcəsinə İtaliyadakı canlı ifamı – tar, kamança və xanəndə ilə, tar və ansambl ilə, tar solo şəkildə, tar simfonik orkestr ilə, tar və estrada simfonik orkestri ilə videoyazılarımı kompozisiya kimi təqdim etdi. Və sübut etdilər ki, belə şeylər sizin hansınızda var? UNESCO komissiyası Azərbaycan tarını nümunə kimi qəbul elədi.

2012-ci ildə Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu uğurun təqdimatı oldu. Bundan sonra artıq hamı – dünya bildi ki, həqiqət nədir. Bayaq dediyim kompozisiyalar ki var, onların 30-a qədər növü var, düz 26-nı ilk dəfə mən ifa eləmişəm. 19-u mənə həsr olunub, mənim ifama həsr olunub. Bu faktdır.

– Tar deyəndə Ramiz Quliyev ağla gəlirmi?

– Səncə, gəlmir?

– Mən bu sualın cavabını sizdən eşitmək istəyirəm axı (gülürəm).

– Bilirsən, tarı hiss eləmək lazımdır. Tardan çıxan səs qəlbə dəyməlidir, o səs barmaqlardan yox, beyindən çıxır, gəlir qəlbə, oradan da barmaqlara keçir və tamaşaçı hiss edir ki, tar mənimdir, tar mənim ruhumun səsidir. Tar mənim fəxarətimdir, mən onunla fəxr edirəm.

– Ramiz müəllim, adam neçə yaşdan sonra ancaq öyrətmək istəyir?

– Cavanları bilmirəm, amma mən hələ bu yaşımda belə öyrənirəm, sabah da öyrənəcəyəm. Heç kəs bu sənəti tam mənimsəyə bilməz, mümkün deyil, bu bir dəryadır, sonsuzluqdur. Oradan tam baş çıxarmaq çətin məsələdir. Mən də öyrənirəm, öyrədə-öyrədə öyrənirəm. Millətim üçün, xalqım üçün edirəm. Özüm üçün, öz qəlbim üçün edirəm.

– Ramiz müəllim, bir az da Ağdamdan danışaq. Şair Qulu Ağsəs Ağdam işğaldan azad olunanda yazmışdı ki, “şükür külünə, şükür qayıdış gününə”. Bəs Ramiz Quliyev nə deyir?

– Hə, bəh-bəh! Gözəl dedin onu. Qulunu tanıyıram mən və çox da düz deyib. Ağdamın nəyi qalıb ki, külündən başqa? Biz 27 il həsrət çəkdik e, oğul, 27 il. Amma şükür, həqiqətən, şükür! Amma mənim hələ də içimdə qəribə nigaranlıq var.

– Necə bir nigaranlıq? Ağdamı gedib görmüsünüz axı, mən bilən.

– Yox, məsələ görmək deyil. Cənab Prezident Şuşanı mədəniyyətimizin paytaxtı elan elədi. Nə gözəl söz, nə gözəl ideyadır! Şuşaya yaraşan əsl ad budur elə. Doğrudur. Amma Şuşa Ağdamsız, Ağdam da Şuşasız inkişaf edə bilməz. Mümkün deyil. Qulu Ağsəs dedin ha, bax o şeirdə deyir e, “Uzundərə” ilə gəlirik...

Ramiz müəllim şeiri xatırlamaq istəyir, sözünə qüvvət şeiri səsləndirirəm...

Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir "Uzundərə" havası çal,
çıx Bərdə yoluna -
Uzundərəynən gəlirik!..

...Ay sağ ol. Ağdam azad olunanda mən elə bildim ki, təzədən doğuldum. Cənab Prezidentə mən dönə-dönə təşəkkür edirəm. Biz əsl tarixi yaşadıq, gördük. Mən müharibə vaxtı da dedim ki, bir əlimdə tarım, bir əlimdə silah gedərəm döyüşə.

Cənab Prezidentlə Ağdamda görüşdük, ona orada ürək sözlərimi dedim. Səmimiyyətlə də qarşıladı. Qarabağ zonası, əlbəttə ki, inkişaf edəcək, olacaq hamısı. Mən istəyirəm ki, ağdamlıların, digər azad olunmuş torpaqların vətəndaşlarının könlü alınsın. Sağ olsun, Cənab Prezident hamısını düşünür.

Bilirsəm, mən bu tarla Yer kürəsini dolaşmışam. Azərbaycan xalqından gözəl xalq görməmişəm. Bu xalq hər xüsusiyyətinə görə fərqlidir, gözəldir. Biz bu gözəlliyi o torpaqlara daşımalıyıq. Amma paralel şəkildə, ayrı-seçkilik salmadan.

– Ağdamda eviniz var?

– Ev nədir, saray tikdirmişdim. O vaxt – 80-ci illərdə elə ev iki, ya üç dənə olardı. Ağdamlılar ədabazlıq da var axı (gülür), amma bunu etməyə haqları var. O vaxt mən də böyük bir ev, saray kimi bir ev tikdirmişdim. Yadıma düşdü, orada üç belə ev, saray kimi ev vardı; biri Famil Mehdinin, biri Arif Babayevin, biri də mənim.

– Gedib görə bildiniz evi?

– Harasını, ay oğul? Ev qoyublar orda? Daşı-daş üstə qoymayıblar, düz üç dəfə getdim, tapa bilmədim. Ancaq balaca-balaca daşlardı. Dağıdıb töküblər. Mən Ağdamdan çıxanda hər şeyimi qoyub çıxdım, bircə tardan başqa. Niyə? Çünki inanmırdım ki, Şuşanı, Ağdamı işğal eləmək olar.

– Son olaraq, Ramiz Quliyevin bu gün ürəyindən nə keçir?

– Ancaq və ancaq can sağlığı. Daha Qarabağ boyda yaramız da yavaş-yavaş sağalır. Birlikdə sağaldırıq. Xalqıma gözəllik və firavanlıq arzu edirəm.

Foto Sabir Məmmədov © APA Group

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR