Rumıniya Prezidenti İçərişəhər və Milli Xalça Muzeyində olub

Rumıniya Prezidenti İçərişəhər və Milli Xalça Muzeyində olub
# 03 fevral 2023 12:29 (UTC +04:00)

Azərbaycanda rəsmi səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olub.

APA xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi Qoşa Qala qapısı meydanı ilə tanışlıqdan başlayıb. Rumıniyanın dövlət başçısı qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.

Elektromobillə gəzinti zamanı ali qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

İçərişəhərdə gəzinti zamanı Rumıniya Prezidenti isti təndir çörəyinə qonaq edilib.

Sonra ali qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhərlə tanışlıq Rumıniya Prezidenti Klaus Yohannisdə xoş təəssürat yaradıb.

Rumıniya Prezidenti Klaus Yohannis həmçinin, Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

Burada ali qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Daha sonra Rumıniya Prezidenti muzeydə yerləşən “Zərgərlik fondu” ilə tanış olub. Burada Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid qızıl və gümüş eksponatlar yer alır.

Rumıniya Prezidenti Klaus Yohannis muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu ali qonaqda xoş təəssürat yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR