Rusiya XİN-in Qəbullar Evində Tahir Salahovun sərgisi açılıb

Rusiya XİN-in Qəbullar Evində Tahir Salahovun sərgisi açılıb
# 21 iyun 2019 13:26 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə qurumun Qəbullar Evində Azərbaycan rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun sərgisi açılıb.

APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, sərginin açılış mərasimində Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya prezidentinin mədəni və humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və digər rəsmi şəxslər iştirak ediblər.

Sərginin açılış mərasimində Rusiya XİN başçısı Sergey Lavrov çıxış edib. O, Tahir Salahova sərginin Moskvada keçirilməsi təklifini qəbul etdiyinə görə təşəkkürünü bildirib: "Ayrıca olaraq isə müasir dünyamızın Tahir Salahovla birgə canlı əfsanəsi olan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkürümü bildirirəm".

Rusiyalı nazir sovet, Rusiya və Azərbaycan rəssamı Tahir Salahovun sərgisinin bu binada keçirilməsi ideyasının Bakıda yarandığını söyləyib: “Azərbaycan paytaxtında səfərdə olarkən Tahir Salahovun sərgisində iştirak etdim. Mənə elə gəldi ki, moskvalılar bu sərgi ilə tanış olmalıdırlar. Orada qərara gəldik ki, Tahir Salahovun sərgisini Moskvada təşkil edək. Nə yaxşı ki, bu sərgi təşkil olundu”.

S. Lavrov azərbaycanlı rəssama yaradıcılıq uğurları arzulayıb.

Daha sonra Tahir Salahov çıxış edib. O, bu tarixi binada sərgisinin bu məkanda keçirilməsinə görə Sergey Lavrova, sərginin təşkilində göstərdiyi köməkliklərə görə isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkürünü bildirib: "Bu dostluq və mədəniyyət məbədində sərgimin keçirilməsinə görə çox xoşbəxtəm".

Qeyd edək ki, sərgidə Tahir Salahovun "Qara Qarayev", "Dmitri Şostakoviç", "Aleksandr Soljenitsin"in portretləri, "Bakı neftçiləri" kimi şah əsərləri nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR