“Şuşa İli” Strasburqda qeyd olunub  - FOTO

“Şuşa İli” Strasburqda qeyd olunub 

© APA | “Şuşa İli” Strasburqda qeyd olunub 

# 23 may 2022 13:00 (UTC +04:00)

“Şuşa İli” çərçivəsində və Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyi münasibətilə mayın 22-də Strasburqda “Qarabağ” muğam qrupunun konserti keçirilib.

Bu barədə APA-ya Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən bildirilib.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Strasburqun mərkəzində yerləşən qədim Sən-Pyer-lö-Jön kilsəsində təşkil edilən konsertdə Avropa Şurasının rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli akademik və ictimai dairələrin nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin "Şuşa İli” elan edildiyini və bu münasibətlə ölkəmizdə və dünyanın bir çox yerlərində, o cümlədən Avropanın paytaxtı Strasburqda təşkil edilən bu konsertin nümunəsində silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. Daimi nümayəndə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilməsinin xalqımızın qürur və şərəf dolu zəfər tarixi olduğunu, hazırda bu qədim şəhərin sürətlə yeni intibah dövrünə daxil olduğunu vurğulayıb. F. İsmayılov təqdim ediləcək musiqi proqramındakı əsrarəngiz mahnıların Qarabağın və Şuşanın xalqımızın zəngin mədəniyyətində tutduğu əziz yeri təcəssüm etdirdiyini qeyd edib. Eyni zamanda, daimi nümayəndə bu il Azərbaycanın UNESCO-ya üzvlüyünün 30-cu ilinin tamam olması barədə söz açıb.

Konsertdə Azərbaycanın Xalq artisti Mənsum İbrahimov və gənc xanəndə Gülzar Fərəcova, Xalq artisti Elçin Haşımov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiətində Azərbaycan xalq mahnıları, təsniflər və muğam nümunələri ifa ediblər.

Həmçinin konsertdə “Junior Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi olmuş gənc musiqiçi Sona Əzizova tamaşaçılara “Şuşam mənim” və “O günlərdən biri” mahnılarını təqdim edib.

Musiqi proqramı Sən-Pyer-lö-Jön kilsəsində toplaşan geniş auditoriya tərəfindən böyük rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR