Ümumdünya İrs Komitəsi Nepala bir il vaxt verib

Ümumdünya İrs Komitəsi Nepala bir il vaxt verib
# 04 iyul 2019 11:41 (UTC +04:00)

Nepalda yerləşən tarixi abidələrdən ibarət Katmandu Vadisi Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməsi təxirə salınıb.

APA-nın məlumatına görə, bu qərar Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib.

Bildirilib ki, 2015-ci ildə Nepalda baş verən zəlzələdən sonra Katmandu Vadisində yüzlərlə abidəyə zərər dəyib. Abidələrin bir çoxu tamamilə yararsız hala düşüb. 2019-cu ilin fevral ayında üzv dövlətə tövsiyələr təqdim olunsa da, hazırda görülən işlər qənaətbəxş səviyyədə deyil. Verilən tövsiyələr sistematik şəkildə aparılmayıb, sahədə olan vəziyyət ağırlaşıb.

Üzv dövlətə tövsiyə olunub ki, Monitorinq qrupunu tezliklə qəbul eləsin və Katmandu Vadisində aparılan işlərin yerinə yetirilməsi üçün abidə Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına salınsın.

Nepalın nümayəndə heyəti isə öz növbəsində nəzər çatdırıb ki, üzv dövlət 2015-ci ildən Ümumdünya İrs Komitəsinin tövsiyələrini yerinə yetirməyə çalışıb və onlarla abidənin reabilitasiyasına cəhd edib: "Nepal hökuməti Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına düşməkdənsə, bu işləri davam etdirməyə cəhd edir. Biz düşünürük ki, Ümumdünya İrs Komitəsinin dəstəyi ilə Katmandu Vadisində restavrasiya işlərini tamamlaya bilərik. Buna görə də bizə əlavə bir il verilməsini xahiş edirik. Bildiririk ki, restavrasiya işləri yeni konvensiya əsasında aparılacaq. Nepal hökuməti müvafiq dəstək almaq üçün artıq UNESCO-ya və Ümumdünya İrs Komitəsinə müraciət edib və söz veririk ki, konservasiya işlərini vaxtında yerinə yetirməyə çalışacağıq".

Çin və Zimbabve nümayəndə heyətlərinin təkliflərindən sonra Katmandu Vadisinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməsi təxirə salınıb və konservasiya və reabilitasiya işlərinin aparılması üçün Nepal tərəfinə 2020-ci ilə qədər vaxt verilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR