“Yanardağ” qoruğu ərazisində muzey və amfiteatr - REPORTAJ - FOTOSESSİYA

“Yanardağ” qoruğu ərazisində muzey və amfiteatr - REPORTAJ - FOTOSESSİYA
# 13 iyun 2019 16:36 (UTC +04:00)

İyunun 12-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirakı ilə əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub.

APA xəbər verir ki, təmir-bərpa işlərindən sonra Dövlət Turizm Agentliyi tərəfindən abidəyə media nümayəndələrinin press-turu təşkil olunub.

İlk olaraq xatırladaq ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub. Dövlət başçısı o zaman buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, bunun ölkəmizin ümumi inkişaf səviyyəsinə uyğun gəlmədiyini bildirib. Prezident İlham Əliyev oradaca qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib. Qoruğun bərpası Dövlət Turizm Agentliyinə həvalə olunub və qoruq yeni konsepsiyaya uyğun olaraq bərpa edilib.

Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsi haqqında jurnalistlərə məlumat verən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib ki, gün ərzində "Yanardağ"a 500-700 əcnəbi turist gəlir və hazırda da dinamika müşahidə edilir: “Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik ki, hotellərdə, turizm informasiya mərkəzlərində "Yanardağ"la bağlı məlumatlar olsun".

F.Nağıyev bildirib ki, avqustun 1-dən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğu fərqli qiymətlərlə xidmət göstərəcək. Xarici vətəndaşlar üçün qoruğa giriş 9 manat olacaq: “Əgər turizm şirkətlərinin uzunmüddətli müqavilə üçün sübutu olsa, onlara köhnə qiymətlər tətbiq ediləcək. Yerli turistlər üçün qiymət 2 manatdır. Xüsusi olaraq tələbələr üçün 1 manat, məktəblilər üçün isə pulsuzdur".

Qoruğa yerli və xarici turistlərin rahat gedə bilməsi üçün də şərait yaradılıb. Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib ki, "Yanardağ" Tarix-Mədəniyyət və Təbiət qoruğu ərazisinə marşrut xətləri var və hər kəs istifadə edir: “Amma Bakı Nəqliyyat Agentliyinə müraciət edəcəyik ki, bura daha müasir avtobuslar ayrılsın və onların sayı artırılsın. Qoruğa həmçinin tur avtobusları da gəlir. Hər bir saatdan bir Hökumət Evinin yanından "Baku City Tour" avtobusları çıxır və onlar həm "Yanardağ"a, həm də "Atəşgah"a gedir”.

K.Quluzadə gələcəkdə qoruq ərazisində tibb məntəqəsinin də açılacağını da bildirib: "Kim bilet alıb, qoruq ərazisində daxil olursa, onlar artıq sığortalanır və hər hansı hadisə olsa, o şəxslərə yardım edilir".

Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımov bildirib ki, qısa müddətdə burada əsaslı təmir işləri görülüb: “Əsas konsepsiya ondan ibarət idi ki, insanların od mədəninə baxmağı üçün rahat şərait yaradaq. Artıq buna da nail olmuşuq. Turistlərin və yerli əhalinin rahat istirahəti üçün işlər görülüb ki, turistlər həm oda baxsınlar, həm də uşaqları maariflənsin və əylənsin”.

Dövlət Turizm Agentliyinin rəsmisi Elşən Mustafayev isə deyib ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğu, adından da göründüyü kimi, həm tarix-mədəniyyət nümunələrinin, həm də təbiət abidələrinin qorunduğu bir qurumdur: “Son qurma və bərpa işlərindən sonra qoruqda digər tarix mədəniyyət nümunələri də aşkar edilib. Gələn turistlər öncə “Yanardağ” abidəsini ziyarət edirlər. Lakin biz onların bura gəldikdən sonra turizm maşrutunu genişləndirmək və digər mədəni irs nümunələrinə yönləndirmək istəyirik. Qoruq ərazisində “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid qədim mağaralar, çoxəsrlik tarixə malik və qədim sənduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan mövcuddur. Bunlar göstərir ki, bu abidə təkcə təbii irs nümunəsi deyil, həm də Azərbaycanı xarici turistlərə tanıdacaq mədəni irs nümunəsidir”.

Muzeylər haqqında məlumat verən E.Mustafayev bildirib ki, muzeylər “Yanardağ”ın ümumi yeni turizm inkişaf konsepsiyasına uyğun olaraq bərpa olunub: “Həmin muzeyə gələn turistlər Azərbaycanda odun tarixin tarixinə dair məlumatlar əldə edir və digər yerli Azərbaycan rəssamlarının kompozisiyalarından ibarət postmodern bir sərgi ilə tanış olurlar”.

Qeyd edək ki, 64,55 hektar olan qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi, parkinq var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR