Yankauskas: “İnanıram ki, əməkdaşlığı gələcək nəsillərə ötürə biləcəyik” - FOTO

Yankauskas: “İnanıram ki, əməkdaşlığı gələcək nəsillərə ötürə biləcəyik” - FOTO
# 01 noyabr 2019 17:45 (UTC +04:00)

“Bu, artıq ikinci "Fantazia" mədəni irs festivalıdır ki, Azərbaycanda keçirilir. Ötən il keçirilən festival da vətəndaşlar tərəfindən maraqla qarşılanıb”.

APA-nın xəbərinə görə, bunu "Fantazia” mədəni irs festivalı çərçivəsində Azərbaycan-Fransız Universitetində (UFAZ) memarlıq irsinə həsr olunmuş beynəlxalq konfransda Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, "Fantazia" mədəni irs festivalı ənənə halını almaqdadır: “Mədəni irsimizi qorumaq zəruridir. Azərbaycanlıların tarixi irsi çox vacibdir. Bakı müasirləşir, ancaq eyni zamanda bir sıra məsələlərə diqqət yetirilməlidir. Bakı şəhərinin yeni baş planı hazırlanır. Bu əsnada qorunub saxlanılması vacib olan yerlərin müəyyənləşdirilməsi ilə bağlı ekspertlər çalışır ki, onların bizimlə əməkdaşlığından məmnunuq. İnanıram ki, tərəfdaşlığı, əməkdaşlığı gələcək nəsillərə ötürə biləcəyik”.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib ki, Avropa mədəniyyətə, tarixə maraq göstərən tərəfdir: “Bizim keçmişimiz bizim gələcəyimizlə əlaqəlidir. Keçmişi unutmamalı və onu gələcək nəsillərə ötürməliyik. Bu həm də nəsildən-nəslə keçən dəyərlər və prinsiplərdir”.

"Europa Nostra" təşkilatının Belçikadan olan rəsmisi Piet Jaspaert qeyd edib ki, 250 QHT-ni ətrafında birləşdirən təşkilat 1963-cü ildə Parisdə təsis olunub, təşkilatın mərkəzi ofisi Haaqada yerləşir. P. Jaspaert bildirib ki, mədəni irs mədəni, sosial, iqtisadi və ətraf mühit məsələləri ilə sıx bağlıdır.

Azərbaycan Memarlıq İttifaqının sədr müavini Elçin Əliyev “Bakı, 1920-1930-cu ilərin arxitekturası” mövzusunda çıxış edib.

Konfransda İspaniya və İtaliyadan olan ekspertlər təqdimatla çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR