Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa dair memorandum MM-in komitəsində müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa dair memorandum MM-in komitəsində müzakirə olunub
  • Clock-gray 13:54
  • calendar-gray 19 Yanvar 2021

Milli Məclisin İnsan Hüquqları komitəsinin bu gün keçirilmiş iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiqlənməsi məsələsi müzakirə edilib.

APA-nın məlumatına görə, deputat Elşad Mirbəşir bildirib ki, qardaş Türkiyə ilə media sahəsində əməkdaşlıq Azərbaycanın diplomatik gücünü artıracaq. Deputat bildirib ki, bu sənədin gələcəkdə daha da təkmilləşdirilməsinə ehtiyac var: “Dəyişiklik edilməsinin mümkünlüyü ilə bağlı sənəddə bənd qeyd edilib. Gələcəkdə sənədə dəyişiklik edilməsinin detalları nəzərdən keçirilməlidir. Sənəddə iki ölkənin ayrıca olaraq informasiya təhlükəsizliyinin təmin olunmasına dair bənd yer almalıdır. İki ölkənin milli maraqları və təhlükəsizliyinin təmin edilməsi baxımdan bu, olduqca vacib sənəddir”.

Müzakirələrin sonunda sənəd parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu dekabrın 10-da Bakıda imzalanıb.

Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun imzalayıblar.

Firuzə Vahid

Digər xəbərlər