Fatma Yıldırım: "Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən gözləntilər çoxdur"

Fatma Yıldırım: "Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən gözləntilər çoxdur"
# 03 fevral 2021 11:14 (UTC +04:00)

“Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bütün sahələr üzrə dərin əməkdaşlıq əlaqələri üzərində qurulan bu münasibətlər “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq davamlı inkişaf edir. Dünyada elə bir dövlətlər yoxdur ki, Azərbaycanla Türkiyə qədər bir birinə yaxın olsun. Biz sarsılmaz qardaşlığımızı 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdik”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olması bizim gücümüzü artıran əsas amillərdən biridir: "Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Hər iki ölkə heç bir tərəddüd etmədən bir-birini dəstəkləyir və bundan sonra da belə olacaq. Öz torpaqlarının işğalçı qüvvələrdən azad edilməsi uğrunda gedən döyüşlərdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ona görə də, bizi istəməyən qüvvələr bu məsələyə müdaxilə edə bilmədi. Reallıqlar onu göstərdi ki, qardaş Türkiyə bölgədə sabitliyin təmin olunmasında əsas faktorlardan biridir. 10 noyabr 2020 tarixində imzalanmış bəyanata əsasən atəşkəsə nəzarət üçün birgə Monitorinq Mərkəzinin yaradılması nəzərdə tutulurdu. Artıq yanvarın 30-da Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Bu mərkəzin fəaliyyəti, Türkiyə hərbçilərinin burada iştirakı cəmiyyətimizdə böyük sevinclə qarşılanır".

Deputat qeyd edib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması region üçün sülh və əməkdaşlıq perspektivi baxımından böyük önəm kəsb edir: "Mərkəzdən gözləntilər çoxdur, çünki birgə monitorinq mərkəzinin əsas hədəfi müharibədən yenicə çıxmış regiondakı vəziyyəti nəzarətdə saxlamaq olacaq. Bu baxımdan hesab edirəm ki, hazırda bölgədə yeni geosiyasi reallıqlar yaranıb və Vətən müharibəsindən sonra regiondakı geosiyasi vəziyyət xeyli dəyişib. Məhz bu kontekstdə Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlamasını yeni geosiyasi reallığın uğurlu nəticəsi kimi də dəyərləndirmək mümkündür".

Fatma Yıldırım söyləyib ki, eyni zamanda Vətən müharibəsi zamanı biz bir daha dostlarımızı və düşmənlərimizi tanıdıq: “44 gün müharibə həm də informasiya cəbhəsində gərgin şəkildə gedirdi. Demək olar ki, qərb mediası, Rusiya KİV-ləri daha çox erməni tərəfinin mövqeyini təbliğ edirdi, dünya ictimaiyyətini yanıltmağa çalışırdılar. Amma qardaş Türkiyənin mediası bu prosesdə sonadək Azərbaycanın yanında oldu və əsl həqiqətlərin dünyaya çatdırılmasında əvəzsiz rol oynadı. Türk mediasinin əməkdaşları münaqişə zonasından, terror aktlarına məruz qalan Gəncə, Bərdə və Tərtər şəhərlərindən canlı yayımlar həyata keçirərək ermənilərin vandal, barbar üzlərini dünyaya çatdırdılar. Proseslər göstərdi ki, Azərbaycanla Türkiyəyə qarşı beynəlxalq miqyasda aparılan əks-təbliğatın qarşısını almaq üçün media sahəsində də bizim birgə əməkdaşlığa çox böyük ehtiyac var. Bu baxımdan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanması çox böyük əhəmiyyət kəsb edir. Artıq Milli Məclis tərəfindən bu sənəd ratifikasiya olundu. Hesab edirəm ki, bu sahədə birgə əməkdaşlıq, ortaq media platformasının yaradılması bizim gücümüzə güc qatacaq, bizi istəməyənlərə qarşı mübarizəmizi daha da gücləndirəcək. Eyni zamanda, bütün bu amillər Azərbaycan-Türkiyə münasibətlərinin gələcəkdə daha sürətlə inkişaf edəcəyini və bu prosesin dönməz xarakter aldığını göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR