Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
# 31 yanvar 2020 17:59 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

MŞ-dən APA-ya bildirilib ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Komissiya ilk olaraq Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun “Rubrika.az” və “Bizimxeber.az” saytlarına qarşı şikayətini araşdrıb. Məlum olub ki, “Rubrika.az” saytında institut barədə yayımlanmış yazıda qarşı tərəfin rəyi öyrənilməyib, məqalə birtərəfli qaydada verilib. Sayta tövsiyə edilib ki, qarşı tərəfin mövqeyi dərc edilsin, yanlışlar aradan qaldırılsın. “Bizimxeber.az” saytının təmsilçiləri isə bildiriblər ki, faktların dəqiqləşdirilməmiş olduğu nəzərə alınaraq, material saytdan çıxarılıb.

Bakı şəhər sakini Rövşən Məhərrəmovun “Xeberim.com” və “Xeberin.info” saytlarına qarşı şikayəti araşdırılarkən bəlli olub ki, qeyd edilən saytlarda şikayətçi barədə dərc edilən materialar birtərəfli, rəy öyrənilmədən, dəqiqləşdirilmədən verilib. Bununla yanaşı, şikayətçinin şəxsiyyəti barədə təhqiramiz ifadələr işlədilib ki, bu da “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na (AJPDQ) ziddir. Digər tərəfdən, xəbər saytı KİV haqqında qanunun tələblərini pozaraq, öz rekvizitlərini, əlaqə nömrələrini, ünvanını təqdim etməyib, qarşılıqlı əlaqə saxlanılmasını imkansız edib. Komissiya rəy verib ki, belə davranış həm AJPDQ-ya, həm də KİV haqqında qanunvericiliyə ziddir.

Bakı şəhər sakini Sevda Qasımovanın “Detektiv Lyuks” qəzetinə qarşı şikayəti də araşdırılıb. Komissiya müəyyən edib ki, şikayətçini narazı salan məqamda dələduzluq ehtimalı var və Mətbuat Şurasının səlahiyyətləri çərçivəsində həll edilməsi imkansızdır. Tövsiyə edilib ki, şikayətçi hüquq-mühafizə orqanlarına müraciət etsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR