Qətərin Azərbaycandakı səfiri “APA Group”da olub

Qətərin Azərbaycandakı səfiri “APA Group”da olub
# 05 noyabr 2020 13:43 (UTC +04:00)

Qətər Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Faisal Abdulla Əl-Henzab “APA-Group”da olub.

Səfir “APA-Group”un rəhbəri Vüsalə Mahirqızı ilə görüşüb.

Görüşdə iki ölkə mediaları arasında münasibətlər, müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Diplomat qeyd edib ki, ölkəsi Azərbaycanla münasibətlərə böyük önəm verir, hazırda davam edən Vətən müharibəsində Azərbaycanın haqq işini dəstəkləyir.

O, iki ölkə arasında turizm, informasiya texnologiyaları və digər sahələr üzrə əməkdaşlıq, qarşılıqlı investisiya yatırımına dair əhəmiyyətli layihələr üzərində iş getdiyini bildirib. Səfir onu da vurğulayıb ki, iki ölkənin media qurumları arasında əməkdaşlıq, ölkələrimizin bir birini daha yaxından tanıması, perspektiv sahələrə daha yaxından bələd olması üçün hər iki ölkədən olan jurnalistlərin qarşılıqlı səfərlərinin təşkilinə dair proqram üzərində iş gedir. Faisal Abdulla Əl-Henzab Azərbaycanın Vətən müharibəsinin başa çatmasından və koronavirus pandemiyasının bitməsindən sonra Azərbaycanla Qətər arasında əlaqələrin daha da dərinləşməsi üçün yeni-yeni imkanlar yaranacağına əminliyini ifadə edib.

Öz növbəsində, V. Mahirqızı haqq işində Azərbaycana dəstək verdiyinə görə Qətər dövlətinə və mediasına minnətdarlığını bildirib. V. Mahirqızı qeyd edib ki, Azərbaycanla Qətər hər zaman dost ölkələr olub, APA İnformasiya Agentliyi hər zaman Qətərin Azərbaycandakı səfirliyi, eləcə də bu ölkənin media qurumları ilə yaxından əməkdaşlıq edib. Bildirib ki, “APA-Group” Ermənistan tərəfindən Gəncə, Bərdə və digər şəhərlərin raket atəşinə tutulması zamanı insanların həlak olması, yaşayış binalarının, mülki obyektlərin dağıdılmasını əks etdirən materialları “Al Jazira”nın Türkiyə bürosunun müraciəti əsasında onlara təqdim edib.

O, həm ölkələrimiz, həm də iki ölkənin media qurumları arasında əməkdaşlığın dərinləşməsinin geniş perspektivləri olduğunu bildirib, bunun üçün birgə layihələrin həyata keçirilməsinin, eləcə də media nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyini diqqətə çatdırıb.

V. Mahirqızı “APA Group”a daxil olan təsisatların ölkələrimiz arasında münasibətlərin daha dərinləşməsi işinə informasiya dəstəyi verməyə hazır olduğunu da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR