“Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib
  • Clock-gray 12:47
  • calendar-gray 21 May 2019

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının (MŞ)  təşkilatçılığı ilə “Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib.

ONA-nın məlumatına görə, toplantıda MŞ-nın İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib ki,  UEFA Avropa Liqasının final oyunun Bakıda keçirilməsi böyük hadisədir: "Finalçılar məlum olduqdan sonra xarici xəbər portallarında məlumatlar dərc olunur. Böyük Britaniya hökuməti bəyanat verdi ki, Azərbaycana gedərkən ehtiyatlı olmaq lazımdır. Bundan sonra bəzi mətbuat orqanları Londonun Bakıdan uzaq və qiymətlərin baha olduğunu yazdı. Bu kimi xəbərlər əksər KİV-də və erməni mətbuatında yer aldı. Ən çox erməni əsilli futbolçunun ölkəyə gəlməsi ilə bağlı fikirlər səsləndirildi". 

O qeyd edib ki, bu kimi fikirlər Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində daim səsləndirilir: "Bir sıra siyası qurumların ölkəmizin uğurunu gözü götürmədiyindən bu kimi qara niyyətlərini həyata keçirmək fikrinə düşürlər. Bəyan edirik ki, ölkədə dinindən, irqindən asılı olmayaraq, hər kəsin təhlükəsizliyi yüksək səviyyədə qorunur".  

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda daima belə tədbirlər keçirilən zaman bu qəbildən təxribatlara əl atmağa çalışırlar. 

“Mən bu açıqlamalardan sonra London və Bakı ilə bağlı bəzi məsələlər ətrafında araşdırmalar aparmağa başladım. Məlum oldu ki, bir il ərzində Londonda 254 min oğurluq hadisəsi baş verir. Bakıda isə bu rəqəm 8 mindir. London Bakıdan kriminal şəhərdir. Belə ki, 2006-ci ildə kriminal hadisələrin sayına görə birinci yerdə olub”, - deyə o əlavə edib. 

“Teleqraf” Holdinqin rəhbəri Aynur Camal isə deyib ki, Britaniya Xarici İşlər Nazirliyinin bəyanatı qərəzli və böhtan xarakterlidir: “Bu gün Azərbaycan dünyanın ən təhlükəsiz, stabil ölkələrindən biridir. Azərbaycan bu gün avtoritetlərin olmadığı bir ölkədir. Ölkəmizdə bir nəfər də olsun avtoritet yoxdur. Amma dünyanın bir çox ölkəsində avtoritetlər, qruplaşmalar var”. 

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Avropanın əksər ölkələri kriminallıq baxımından Azərbaycandan qat-qat üst sıralarda yer tutur: ”Azərbaycanda keçirilən tədbirlərdə hər zaman təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Bütün tədbirlər yüksək səviyyədə təşkil edilib. Belə çıxışlar ölkəmizə qarşı təxribat və böhtan xarakteri daşıyır. Hesab edirəm ki, mayın 29-da keçiriləcək final oyunu yüksək səviyyədə baş tutacaq”.
 

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date