Pakistanlı jurnalistlər Mətbuat Şurasında olublar

Pakistanlı jurnalistlər Mətbuat Şurasında olublar
# 01 may 2019 17:47 (UTC +04:00)

Bu gün Pakistan İslam Respublikasından olan jurnalistlər Azərbaycan Mətbuat Şurasında (MŞ) olublar.

MŞ-nın mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Bütün Pakistan Qəzetləri Cəmiyyətinin (All Pakistan Newspapers Society - APNS) İcrayyə Komitəsinin prezidenti, ölkənin “The DAWN Media Group” şirkətinin rəhbəri Həmid Harunun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə “Nawa-i-Waqt Group”un marketinq direktoru Bilal Mahmud, "Daily The News International" qəzetinin redaktoru Amir Ğauri, "Diplomatic News Agency" xəbər agentliyinin və “Centreline” jurnalının baş redaktoru, APNS-in İdarə Heyətinin üzvü Ənsar Batti, “GEO Network” və “The Jang Group”un nümayəndəsi Məsrur Əhməd, APNS-in İdarə Heyətinin üzvü Tənvir Tahir, aparıcı foto-jurnalist, “Whitestar Photos” şirkətinin baş əməliyyat direktoru Arif Mahmud daxildir.

Qonaqları salamlayan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara ölkəmizdə söz və ifadə azadlığı sahəsindəki vəziyyət, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Qarşılıqlı diskussiya şəraitində keçmiş görüşdə qonaqların Şuranın şikayətləri araşdırma təcrübəsi, həmçinin media qanunvericiliyi, jurnalist hüquqlarının qorunması, onların sosial müdafiəsinin təşkili məsələləri ilə bağlı sualları cavablandırılıb.

Görüşdə eyni zamanda Pakistan və Azərbaycan arasındakı müxtəlif sahələrdəki əməkdaşlıq məsələlərinə də nəzər salınıb. Bildirib ki, yüksək səviyyəli bu əməkdaşlığın media sahəsində də olması mütləqdir. Görüşdə Azərbaycan Mətbuat Şurası ilə Bütün Pakistan Qəzetləri Cəmiyyəti arasında anlaşma memorandumunun işlənib hazırlanması barədə razılığa gəlinib. Belə bir sənədin qarşılıqlı jurnalist səfərlərinin həyata keçirilməsi, eləcə də Azərbaycanın və Pakistanın media orqanları arasında fərdi münasibətlərin yaranması, informasiya mübadilənin etibarlı mühitinin formalaşması baxımından əhəmiyyətli baza rolunu oynayacağına inam ifadə edilib.

Görüşdə Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “ONA News Agency”nin rəhbəri Vüsalə Mahirqızı,“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov, habelə “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR