Türkiyə Səfirliyinin mətbuat müşaviri ilə KİV təmsilçilərinin görüşü keçirilib

 Türkiyə Səfirliyinin mətbuat müşaviri ilə KİV təmsilçilərinin görüşü keçirilib
# 25 oktyabr 2019 16:57 (UTC +04:00)

Bu gün Mətbuat Şurasında Türkiyənin Azərbaycandakı Səfirliyinin ölkəmizdəki diplomatik missiyası başa çatmış mətbuat müşaviri Hamit Karadenizlə Şuranın İdarə Heyətinin üzvlərinin və kütləvi informasiya vasitələri rəhbərlərinin görüşü keçirilib.

APA-nın xəbərinə görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələr media sahəsini də əhatə etməkdədir. Bu baxımdan Türkiyənin Azərbaycandakı Səfirliyinin, xüsusən də Səfirliyin mətbuat müşavirliyinin rolu böyükdür. «Bu gün mətbuat müşavirimiz Hamit Karadeniz burada bizimlədir. Ölkəmizdə 6 il fəaliyyətdə olub. Artıq diplomatik missiyası başa çatıb», - deyən Ə.Amaşov H. Karadenizə rəhbərlik etdiyi qurumun diplomunu təqdim edib.

Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvləri - «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «Azadinform» İnformasiya Agentliyinin baş direktoru Niyaz Niftiyev, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, Şuranın icraçı katibi Şəmsəddin Əliyev, həmçinin «Trend» İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Lent.az» saytının baş redaktoru Qabil Abbasoğlu, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Türküstan» qəzetinin baş redaktoru Aqil Camal və başqaları bildiriblər ki, H.Karadeniz Azərbaycandakı diplomatik missiyası müddətində ölkəmizlə Türkiyə arasındakı media əməkdaşlığının dərinləşməsi istiqamətində kifayət qədər məhsuldar fəaliyyət göstərib.

Türkiyənin Azərbaycandakı Səfirliyinin yeni mətbuat müşaviri Hüseyn Altınala bildirib ki, Səfirliklə Azərbaycan mediası və ictimaiyyəti arasında mövcud olan səmimiyyətə, dostluğa və qardaşlığa söykənmiş əməkdaşlıq xəttinin H.Karadeniz tərəfindən daha da möhkəmləndirilməsi bundan sonrakı fəaliyyətə bir qədər də həssas yanaşılmasını zəruriləşdirir. O, bu istiqamətdə üzərinə düşən missiyanı layiqincə yerinə yetirmək üçün əzmlə çalışacağını vurğulayıb.

Sonda çıxış edən H.Karadeniz bildirib ki, Azərbaycanda fəaliyyət göstərdiyi 6 il ərzində burada gördüyü doğma münasibətdən məmnundur.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR