Bu gün ANS-in 24 yaşı tamam olur

Bu gün ANS-in 24 yaşı tamam olur
# 26 noyabr 2015 10:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün SSRİ-nin ilk özəl telekanalı ANS-in (Azerbaijan News Service) fəaliyyətə başlamasının 24 ili tamam olur.

APA-nın məlumatına görə, ANS televiziyası 1991-ci il noyabrın 26-da Vahid və Seyfulla Mustafayevlər və Mirşahin Ağayev tərəfindən yaradılıb.

Telekanal efirə ilk dəfə həmin gün “Xəbərçi” verilişi ilə çıxıb. Birinci yayım günündə aparıcı Mirşahin Ağayev olub.

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədəki ictimai-siyasi hadisələr haqqında ANS telekanalının efirində operativ məlumatlar yayımlanıb. ANS telekanalı vasitəsilə Dağlıq Qarabağ münaqişəsi, cəbhə xəttində baş verənlər, habelə Xocalı soyqırımı ilə bağlı əhaliyə dolğun informasiyalar çatdırılıb.

ANS Azərbaycan teleməkanında bir çox yeniliyə imza atıb. 2000-ci ilin sentyabrından Azərbaycan televiziya tarixində ilk dəfə olaraq, UEFA Çempionlar Liqasının oyunları yayımlanmağa başlayıb. Habelə, ANS telekanalı Çeçenistanın səhra komandiri Şamil Basayevdən müsahibə alıb.

ANS müxtəlif illərdə BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAİ kimi nüfuzlu kanalları reportajlarla təmin edib.

ANS televiziyası fəaliyyətini əsasən, xəbər üzərində qursa da, sonrakı illərdə fəaliyyət dairəsini genişləndirərək ANS Şirkətlər Qrupuna çevrilib.

ANS Şirkətlər Qrupuna “ANS TV”, Milli qəhrəman Çingiz Mustafayevin adını daşıyan “ANS ÇM” radiosu, ANS PRESS Nəşriyyat Evi və “BakıFilm” Kinostudiyası daxildir.

ANS Şirkətlər Qrupunun sahibi Vahid Mustafayevdir.

ANS-in şüarı “Dəqiq, qərəzsiz, vicdanlı”dır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR