KİV-də sponsor reklamı ilə bağlı qaydaların dəyişdirilməsi MM-in plenar iclasına tövsiyə olunub - YENİLƏNİB

KİV-də sponsor reklamı ilə bağlı qaydaların dəyişdirilməsi MM-in plenar iclasına tövsiyə olunub - <span style="color: red;">YENİLƏNİB
# 20 aprel 2018 13:47 (UTC +04:00)

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Reklam haqqında” qanuna bir müddət əvvəl edilmiş dəyişikliyə əsasən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, komitə rəhbəri Bahar Muradovanın sədrliyi ilə keçən iclasda Milli Məclisin şöbə müdiri Mirhəşim Seyidov layihə barədə məlumat verib.

İclasda ekspert kimi iştirak edən "APA Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı bildirib ki, “Reklam haqqında” qanuna dəyişiklik gündəmə gələndə təkliflərlə çıxış ediblər: "Təşəkkür edirik ki, Milli Məclis o təklifləri nəzərə aldı. Hazırda isə müzakirə olunan layihə tamamilə lazımlı bir dəyişiklərdir. Xüsusilə reklamı qadağan edilmiş malların istehsalı və ya satışı ilə məşğul olanların sponsor ola bilməməsi tamamilə haqlı dəyişiklikdir. Çünki bir müddət əvvəl reklamı məhdudlaşdırılan spirtli içki və tütün məmulatları şirkətlərinin sponsor olması həqiqətən də düzgün deyil”.

O, həmçinin digər dəyişikliyi - dövrü mətbu nəşrlərdə yayımlanan elanlarda, anonslarda əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi ilə bağlı dəyişikliyi də təqdir edib: “Lakin burda reklam xarakterli press-relizlərin xüsusi fərqlənmə işarə ilə təqdim olunmasının da layihəyə əlavə edilməsinə ehtiyac var”.

V. Mahirqızı 45-ci maddədə edilən əlavənin isə (Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur) faktiki işləmə mexanizminin olmadığını bildirib: “Məsələ ondadır ki, KİV reklamın məzmun və formasına görə məsuliyyət daşımır. Belə olan halda KİV nəyə təkzib verməlidir? Digər tərəfdən, mən "Reklam haqqında" qanunun ictmai müzakirəsi zamanı bildirmişdim ki, haqsız reklam ifadəsinin özü doğru deyil. Çünki reklam vəsait ödənilməklə yayılır və reklamvericinin özünü digər rəqiblərindən daha yaxşı təqdim eləmək, daha keyfiyyətli və sərfəli olduğunu bildirmək haqqı var. Reklamın funksiyası da elə budur. Ona görə də bu ifadə uğurlu seçilməyib. Gizli reklam isə reklam olması müəyyənləşdirilə bilinməyən reklamdır. Eyn zamanda buna görə təkzib verənin hansı subyekt olması da dəyişikliklərdə əksini tapmayıb".

V. Mahirqızı ümumilikdə layihəni müsbət qiymətləndirib.

Deputat Fazil Mustafa, Hikmət Məmmədov və Elman Nəsirov da V. Mahirqızının təkliflərinin nəzərə alınmasının vacibliyini qeyd ediblər.

Bahar Muradova isə bildirib ki, layihə “Reklam haqqında” qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırıcı xarakter daşıyır: “Ona görə də bunu tövsiyə edək, gələcəkdə təkliflərə təbii ki, baxmaq mümkün olacaq. Ümumilikdə isə Vüsalə xanımın reklamla bağlı etdiyi çıxışlarından yararlanmaq olar”.

Sonda layihə plenar iclasa tövsiyə olunub.

***

14.25

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihəyə əsasən, 21-ci (Kütləvi informasiya vasitələrinə sponsorluq) maddənin birinci hissəsinin ikinci cümləsi dəyişdirilərək belə verilir: “Reklam haqqında” qanun ilə reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Cümlənin hazırda qüvvədə olan variantı isə belədir: “Reklamı qadağan edilmiş məhsulların istehsalçılarının və satışını həyata keçirən şəxslərin sponsorluğuna yol verilmir”. Maddənin beşinci hissəsi isə dəyişdirilərək belə verilir: “Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur”.

Hissənin hazırda qüvvədə olan variantı isə belədir: “Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalı, verilişlərin (proqramların) əvvəlində və sonunda firma nişanını göstərməklə, yaxud titrlər və ya diktor mətni vasitəsilə açıq informasiya verilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə sponsorun elan edilməsinin başqa üsulla da müəyyən edilə bilər”.

Eyni zamanda maddəyə aşağıdakı hissə əlavə edilir: “Sponsor reklamı “Reklam haqqında” qanuna uyğun olaraq yayımlanır.
Layihəyə əsasən qanunun 45-ci (Təkzib, cavab və düzəliş verilməsi qaydası) maddəsinə aşağıdakı hissə əlavə edilir: “Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur”.

İclasda ekspert qismində APA Holdingin prezidenti Vüsalə Mahirqızı iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR