YAP qərargahında jurnalistlərlə görüş keçirilib

YAP qərargahında jurnalistlərlə görüş keçirilib
# 20 iyul 2018 09:50 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalistlərlə görüş keçirilib.

APA-nın məlumatına görə görüşdə, YAP-ın sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycanda dövlət mətbuata xüsusi diqqət ayırır, ölkədə oturuşmuş və inkişaf etmiş mətbuat var.

“İnformasiyanın yeni formaları yaranır, bu da mətbuat qarşısında yeni öhdəliklər qoyur. Bu gün sosial şəbəkələr geniş yayılır ki, bu da mətbuatın inhisarçılığını sanki sona gətirir. Mətbuat qarşısında rəqabətdə üstünlüklə bağlı bu mənada yeni vəzifələr ortaya çıxır. Bütün bunlara baxmayaraq, ənənəvi mətbuat indi də mövcuddur və inkişaf edir. Bizim də partiya olaraq bütün dönəmlərdə mətbuatla əməkdaşlığımız yüksək formada diqqət mərkəzindədir. Mətbuatımız milli maraqlar nöqteyi-nəzərindən çıxış etməyi bacarır".

Ə. Əhmədov qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir, bu özünü mətbuat azadlığı sahəsində də göstərir: "Azərbaycan böyük qlobal layihələr həyata keçirir, qlobal tranzit mərkəzinə çevrilir. Bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, mövqeyini gücləndirir. Etiraf etməliyik ki, gələcəyimiz daha parlaq olacaq. Bunu qısqananlar ölkədə təxribatlar törətməyə cəhd edir, ancaq onlar heç nəyə nail ola bilmirlər, çünki bunun üçün heç bir baza yoxdur. Azərbaycanda prezident İlham Əliyev tərəfindən aparılan siyasət xalq tərəfindən dəstəklənir, möhkəm xalq-iqtidar birliyi var".

Sonda bir qrup jurnalist YAP tərəfindən mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR