“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olunub

“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olunub
# 08 noyabr 2019 14:19 (UTC +04:00)

Noyabrın 8-də “Yeni Müsavat” Media Qrupunun 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ekspertlər, eləcə də media mənsubları iştirak ediblər.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, baş redaktor Rauf Arifoğlu tədbirdə qəzetin yarandığı dövrdən, keçdiyi tarixi yoldan danışıb: "Bu qəzet Milli Azadlıq Hərəkatından doğan təsislərdən biridir. Biz müstəqil Azərbaycanda yox, Sovet dövründə yarandıq. Gizli şəkildə fəaliyyət göstərir, nə düşünürdüksə, onu edirdik, Milli Azadlıq Hərəkatının tələbləri nə idisə onu yerinə yetirirdik. Milli mediamızı yaratmaq, Müsavat ideologiyasını yenidən Azərbaycana gətirmək və kommunizmə mübarizə aparmaq məqsədimiz idi, o dövrdə xalqımızın tələbi nə idisə onu da həyata keçirirdik. 30 il öncə xalqımız azadlığı və torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmışdı. Biz də bu mübarizənin, meydan və səngər hərəkatının iştirakçılarından, könüllülərindən idik. Azadlıq meydanında, xalq hərəkatının gedişində Azərbaycan Xalq Cəbhəsi quruldu, elə buradaca özünü müdafiə könüllü dəstələri yarandı və milli mətbuatın ilk qaranquşları da Meydan hərəkatında ortaya çıxdı. “Yeni Müsavat” qəzeti də Meydan hərəkatından, xalqın tələblərindən doğdu. 30 il sonra məmnunluqla bildirirəm ki, “Yeni Müsavat” milli azadlıq hərəkatının yaşayan azsaylı və ən uğurlu layihələrindən biri kimi zamanın, dövrün təlatümlərinə dözərək fəaliyyətini davam etdirir”.

R. Arifoğlu “Yeni Müsavat”ın yeni media sahəsində imza atdığı uğurlardan bəhs edərək, rəhbərlik etdiyi media qrupuna daxil olan saytlar barədə məlumat verib: "Bu gün gəldiyimiz nöqtə bir zamanla xəyal edə bilməyəcəyimiz nəticələrlə zəngindir. “Yeni Müsavat” qəzeti bir Media Qrup şəklində fəaliyyət göstərir”.

Daha sonra qəzetin 30 illik tarixini əks etdirən “Yeni Müsavat 30: Bir qəzetin tarixi” adlı sənədli film nümayiş olunub.

Sonra filmin yaradıcı heyətinə “Yeni Müsavat” Media Qrupu adından hədiyyə təqdim olunub.

Daha sonra Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev çıxış edərək qəzeti 30 illiyi münasibəti ilə təbrik edib: “Azərbaycanda xalq hərəkatını, ziddiyyətli və kəskin prosesləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanma dövrünü və həmin dövrün çox gərgin hərbi əməliyyatlarını, Azərbaycanda dövlət strukturlarının formalaşmasını, dövlətçilik ənənəsinin bərpa olunmasını, ölkənin sabit inkişaf mərhələsinə qədəm qoyması, sonrakı dövrdə güclənməsi və beynəlxalq birliyin layiqli üzvünə çevrilməsini, öz gücü və mövqeyini dünyada nümayiş etdirmək imkanlarını-bütün bu salnaməni öz səhifələrində əks etdirən çox azsaylı qəzet var. Təbii ki, onlardan biri də “Yeni Müsavat”dır. Ötən 30 ildə “Yeni Müsavat” bu kimi mühüm hadisələri öz səhifələrində əks etdirmək, öz oxucularına çatdırmaq kimi missiyanı uğurla yerinə yetirib. Bu gün “Yeni Müsavat” milli jurnalistikamızın təməl prinsiplərini rəhbər tutaraq cəmiyyəti obyektiv şəkildə məlumatlandırmaq, Azərbaycan dövlətinin və xalqının maraqlarını müdafiə etmək, cəmiyyətdə gedən inkişaf proseslərini olduğu kimi göstərmək, cəmiyyəti qayğılandıran problemlərin müzakirə platformasına çevrilmək, problemlərdən çıxış yollarını göstərmək, eyni zamanda Azərbaycan xalqının adət-ənənələrinin, mədəni irsinin qorunmasına töhfə vermək istiqamətində bir mətbuat orqanı kimi uğurla fəaliyyət göstərir. Təbii ki, bu uğurların təməlində dayanan əsas amillərdən biri jurnalist peşəkarlığıdırsa, başqa tərəfdən idarəetmənin düzgün qurulmasıdır. Eyni zamanda, onu da unutmayaq ki, bu nailiyyətlərin əldə olunmasının əsas səbəblərindən biri də ölkədə mövcud olan mühit, söz və mətbuat azadlığının təmin olunması, dövlətin mediaya verdiyi dəstəkdir. Əgər bu gün Azərbaycan jurnalistləri, o cümlədən “Yeni Müsavat”çılar dövlətin yaratdığı şəraitdən bəhrələnirlərsə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərə verdiyi maliyyə vəsaitindən “Yeni Müsavat” qəzeti də faydalanırsa, aparıcı jurnalistlər, Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan qələm əhli dövlət mükafatlarına layiq görülürsə, sosial problemləri olan, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan jurnalistlərə dövlət tərəfindən dəstək göstərilirsə, təbii ki, bu qəzetin inkişafında, gələcək uğurlarının bir növ bazasının yaranmasında dövlətin də rolu var. Həqiqət budur ki, bir qəzet 30 il müddətində yaşayırsa, müəyyən çətin və asan dövrdə özünü cəmiyyətdə təsdiq edirsə, onun bundan sonra da yaşayıb inkişaf etməyə, Azərbaycan xalqına və dövlətinə xidmət göstərməyə haqqı var. Mən bu yolda “Yeni Müsavat” qəzetinə uğurlar arzu edirəm”.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, “Yeni Müsavat” bundan sonra da Azərbaycan media tarixində öz yerini qoruyub saxlayacaq: “Mal yiyəsinə oxşayar, Rauf Arifoğlu ilə “Yeni Müsavat” qəzeti də bir almanın iki üzü kimidirlər. “Yeni Müsavat” nəinki Azərbaycanda, regionda da aparıcı media orqanına çevrilib”.

Türkiyənin Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Erkan Özoral isə “Yeni Müsavat” Azərbaycan tarixinin ən ağır günlərində qurulduğunu vurğulayıb: “Qəzet o ağır günlərdə çox böyük fədakarlıq göstərib. Dünya media orqanları üçün gün keçdikcə daha ağır olur, lakin “Yeni Müsavat” qəzeti inkişaf edən texnologiya ilə ayaqlaşmaqda çətinlik çəkmir və artıq media qrup kimi fəaliyyət göstərir. Əminəm ki, “Yeni Müsavat” müstəqil Azərbaycan kimi əbədi yaşayacaq, çünki onun mayasında millilik, millətçilik var”.

Tədbir çıxışlarla davam edib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti “Yeni Müsavat” Media Qrupuna aid print media orqanıdır. Bu qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və “Yeni Müsavat” Media Qrupunun sahibi Rauf Arifoğludur.

"Yeni Müsavat" qəzeti ilk illər gizli fəaliyyət göstərib, kommunist Sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci ilin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb.

1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı öz üzərinə götürüb. 16 il 8 aydan sonra - 2009-cu ilin noyabrında o, qəzetin 20 illik yubileyi münasibəti ilə təsisçiliyi Rauf Arifoğluna qaytarıb. Bütün formallıqlar həll edildikdən sonra, 26 noyabr 2009-cu ildən başlayaraq qəzet Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görməyə başlayıb. Bu günədək qəzetin 7400-dən yuxarı sayı işıq üzü görüb.
“Yeni Müsavat” Azərbaycanda həftədə 6 dəfə dərc olunan yeganə qəzetdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR