Bayram günləri Az.TV yalnız Azərbaycan filmləri nümayiş etdirəcək

Bayram günləri Az.TV yalnız Azərbaycan filmləri nümayiş etdirəcək
# 15 mart 2007 12:19 (UTC +04:00)
Martın 19-dan Az.TV-də Novruz bayramına həsr olunmuş proqramların nümayişi başlayacaq. Bu barədə APA-ya Az.TV-nin mətbuat xidmətindən məlumat verilib. Bu sıradan ilk veriliş “Novruz hekayətləri” adlanacaq. Həftə ərzində efirdə “Tarixi xəzinəmiz”, “Qədim yurdumun baharı”, “Bizim planet”, “Səməni sevincləri”, “Novruz gülüşləri”, “Səməni sehri”, “Bayram xonçası”, “Qürbətdə qalan Novruz” verilişləri seyrçilərə təqdim olunacaq. Martın 20-də isə bayram axşamı münasibəti ilə “Novruz gəlir, yaz gəlir” musiqili-əyləncəli proqram efirə çıxacaq. Verilişin çəkilişləri Muğam Teatrında aparılıb. Martın 21-də Az.TV ənənəvi olaraq saat 11-dən Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanından Novruz şənliklərinin canlı yayımına başlayacaq. Həmin şənliklərə dövlət başçısının da qatılacağı gözlənilir.
Az.TV bayram günlərində anadan olmuş görkəmli incəsənət və mədəniyyət xadimlərini də anacaq. Səməd Vurğun, Əliağa Ağayev və Bəşir Səfəroğluna həsr edilmiş “Vurğun ocağı”, “Xalqa gülüş bəxş edən sənətkar”, “Gülüşün Bəşir zirvəsi” verilişləri efirə çıxacaq. Ən əsası isə ölkənin birinci kanalı ilə bayram günlərində yalnız Azərbaycan filmləri nümayiş etdiriləcək.
Bu həftə “Zamanla üz-üzə” adlı yeni bir verilişin də efirə çıxacağı da gözlənilir. Verilişin müəllifləri Fuad Vəlixanov və Ramiz Həsənoğludur. Tok-şou xarakterli bu veriliş intellektual tamaşaçı auditoriyası üçün nəzərdə tutulub. Məqsəd tanınmış insanların məlum olmayan cəhətlərini göstərməkdir. Verilişin ilk qonağı yazıçı Anar olacaq. Hazırda veriliş üzərində montaj işləri gedir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR