Mətbuat Şurası İdarə Heyətinin toplantısı keçirilib

Mətbuat Şurası İdarə Heyətinin toplantısı keçirilib
# 15 mart 2007 16:34 (UTC +04:00)
Bu gün Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Bu barədə APA-ya Mətbuat Şurasından məlumat verilib. Məlumata görə, MŞ sədri Əflatun Amaşov tədbirin Şuranın yaradılmasının 4-cü ildönümü günündə düzənləndiyini vurğulayaraq, bu münasibətlə qurumun rəhbərliyində təmsil olunan həmkarlarını, ölkə jurnalistlərini təbrik edib. İdarə Heyəti üzvləri çıxışlarında keçilən yola, görülən işlərə və qarşıda duran vəzifələrə nəzər salıblar. Sonra Şura Katibliyində hazırlanmış “Mətbuatın inkişafına dövlət yardımı” Proqramının üzərində aparılan işlərin yekun vəziyyəti barədə məlumat verilib. Qərara alınıb ki, həmin sənədlərin ölkənin müvafiq dövlət orqanlarına təqdimatı və qəbulu sahəsində işlər sürətləndirilsin.
İclasda həbsdəki jurnalistlərin əfvi məqsədi ilə müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib. Nəzərə alınıb ki, həbsdə olan jurnalistlərin əksəriyyəti peşə fəaliyyətləri ilə əlaqədar deyil, digər məsələlərə görə cəzalandırılıb, “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Mirzə Sakitlə bağlı isə hələ ötən əfvdən əvvəl müvafiq dövlət qurumlarına MŞ adından müraciət göndərilib. Şura bütün bunları, eyni zamanda əfvlə bağlı qaydalarda bu aktın həbs olunan şəxs, yaxud onun yaxınları tərəfindən müraciət edildiyi təqdirdə həyata keçirildiyini nəzərə alaraq, Komissiyaya məktub ünvanlanmasını münasib bilməyib.
İdarə Heyəti son vaxtlar “Reytinq” qəzetində milli dəyərlər və tanınmış sənət adamları ilə bağlı yazılarda etik prinsiplərin mütəmadi pozulduğunu nəzərə alaraq, MŞ adından nəşrin rəhbərliyinə məktub ünvanlanmasını məqsədəuyğun sayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR