“Müxalifət” qəzeti 15 min manat məbləğində cərimələnib

“Müxalifət” qəzeti 15 min manat məbləğində cərimələnib
# 19 mart 2007 16:38 (UTC +04:00)
Bu gün Yasamal rayon Məhkəməsi Vəkillər Kollegiyasının iddiasına əsasən “Müxalifət” qəzetinin 15 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Bu barədə APA-ya qəzetin hüquqşünası Yaşar Ağazadə məlumat verib. Qəzetin 15 aprel 2006-cı tarixli sayında “Heyvanların vəkili kim olsun?” sərlövhəli yazı ilə əlaqədar şərəf və ləyaqətinin müdafiəsi üzrə iddia qaldıran Vəkillər Kollegiyasının sədri Azər Tağıyev qəzetin 25 min manat məbləğində cərimələnməsini xahiş edib. Hakim İsa İsmayılovun sədrliyi ilə keçirilən iclasda iddia qismən təmin olunub. Məhkəmə redaksiyanın 15 min manat məbləğində cərimə edilməsi və qəzetdə təkzib verilməsi barədə qərar çıxarıb.
Bu gün həmçinin Yasamal rayon Məhkəməsində “Müxalifət”ə qarşı millət vəkili, akademik Cəlal Əliyevin iddiasına baxılması gözlənilsə də, baş tutmayıb. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Qeyd edək ki, C. Əliyev qəzetin 27 fevral 2007-ci il tarixli sayında “AMAY: Əliyevlər ailəsinin ticarət nişanı” sərlövhəli yazıya görə xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddələri üzrə məhkəməyə şikayət edib. Hakim Məlahət Abdulmanafovanın sədrliyi ilə keçirilməli olan hazırlıq iclası qəzetin prosesin başqa vaxta keçirilməsinə dair vəsatətinə uyğun olaraq təxirə salınıb.
Bu gün “Müxalifət” qəzeti ilə əlaqədar üçüncü məhkəmə prosesi isə Səbayel rayon Məhkəməsində olub. Qəzetin MSK-ya ünvanladığı sorğuya mahiyyəti üzrə cavab verilməməsi barədə qaldırdığı iddia üzrə hakim Yusif Kərimovun sədrliyi isə hazırlıq iclası keçirilib və məhkəmə prosesi martın 27-nə təyin olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR