Az.TV rəhbərliyində kadr dəyişiklikləri aparılıb

Az.TV rəhbərliyində kadr dəyişiklikləri aparılıb
# 05 aprel 2007 13:29 (UTC +04:00)
Az.TV-dən APA-ya verilən məlumata görə, işdən çıxarılanlar arasında “Səhər” proqramın rəhbəri Qulu Məhərrəmli, Xəbərlər Departamentinin baş redaktoru Səadət Məmmədova, Maarifçilik Departamentinin rəhbəri Mehriban Ələkbərzadə, Uşaq departamentinin baş direktoru Anaxanım Abdullayeva da var. İşdən çıxarılanlardan Mehriban Ələkbərzadə APA-ya açıqlamasında şirkətdəki şəraitlə barışa bilmədiyi üçün öz ərizəsi ilə işdən getdiyini deyib. M. Ələkbərzadə Az.TV rəhbərliyini savadsızlıqda da ittiham edib: “Tarix və dövlətçiliklə bağlı məqbul bildiyim bəzi məsələləri daha geniş işıqlandırmaq istədiyim halda, buna çox savadsızcasına müdaxilələr edilirdi. Mən bu savadsızlığa qarşı üsyan edib ərizəmi yazdım. Ərizəmdə mənə vəd olunan iş şəraiti yaradılmadığına görə orada işləmək istəmədiyimi qeyd etmişəm”. Televiziyada maarifçilik ideyalarını həyata keçirmək istədiyini deyən M. Ələkbərzadə Az.TV rəhbərliyinin maarifçiliyi başqa cür başa düşdüyünü bildirib: “Söhbət mənim ideyalarıma kustar baxışdan gedir. Bir yerdə ki, atəşpərəstliklə dini səhv salalar, rus şovinizmini rus xalqına qarşı üsyan kimi qəbul edələr, 1828-ci il Türkmənçay müqaviləsinə görə İran sözünü işlətməkdən qorxalar və bu müqavilənin mahiyyətindən xəbərdar olmayalar, mən orada necə işləyə bilərəm? Söhbət rəhbərlikdə oturan şəxslərdən gedir. Mən konkret ad çəkmək istəmirəm”.
Az.TV-də uzun illər “Səhər” proqramının rəhbəri kimi işləmiş Qulu Məhərrəmli isə APA-ya bundan sonra televiziyada icmalçı kimi fəaliyyət göstərəcəyini və yeni layihələr həyata keçirəcəyini bildirib. O da vəzifəsindən könüllü getdiyini deyib: ““Səhər” proqramına 12 il rəhbərlik etmişəm, indi isə yeni proqramlarla tamaşaçıların qarşısına çıxacağam. Özüm bu vəzifədən çıxmaq istəmişəm və bununla bağlı televiziyanın rəhbərliyinə fikrimi 3-4 ay əvvəl bildirmişəm”.
Xəbərlər Departamentinin baş redaktoru Səadət Məmmədova da APA-ya açıqlamasında
hələ bu il yanvarın 1-də departament rəhbəri vəzifəsindən azad olunması üçün rəhbərliyə ərizə ilə müraciət etdiyini deyib: “ O zaman mənə həmin vəzifəyə yeni şəxs tapılana qədər gözləməyi məsləhət gördülər. Həmin şəxs tapılandan sonra isə aprelin 3-dən etibarən məni işdən azad etdilər. Mən Az.TV-dən tamamilə uzaqlaşmışam”.
Onu da qeyd edək ki, Xəbərlər Departamentinə Müəllif Proqramları Departamentinin müdiri Faiq Hüsüyev rəhbər təyin olunub. Uşaq departamentinin baş direktoru Anaxanım Abdullayeva da vəzifəsindən çıxarılaraq, həmin departamentdə baş rejissor vəzifəsinə təyin olunub.
Şirkətin sədri Arif Alışanovun qəbul otağından APA-ya bildirib ki, hazırda iclas keçirildiyi üçün sədr məsələyə münasibət bildirmir.
Az.TV-nin Baş Proqramlar direktoru Fuad Vəlixanov isə APA-ya televiziyada baş verən son hadisələr barədə danışmaq istəmədiyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR