Fələstində oğurlanmış BBC müxbiri Alan Conston terrorçular tərəfindən qətlə yetirilib

Fələstində oğurlanmış BBC müxbiri Alan Conston terrorçular tərəfindən qətlə yetirilib
# 16 aprel 2007 08:13 (UTC +04:00)
Fələstində fəaliyyət göstərən terrorçu qruplaşmalardan biri bir ay əvvəl Qəzza sektorunda oğurlanmış BBC telekanalının müxbiri Alan Constonun qətlə yetirildiyini bəyan ediblər. APA-nın məlumatına görə, müstəqil mənbələr jurnalistin öldürülməsi faktını nə təsdiq, nə də təkzib ediblər. Özünü “Tövhid və Cihad Briqadası” adlandıran qruplaşma bəyan edib ki, İsrail həbsxanalarında saxlanan fələstinli dustaqlar azadlığa buraxılmadığına görə, girov götürülmüş jurnalist Alan Conston qətlə yetirilib. Fələstin hökuməti və BBC telekanalının rəhbərliyi jurnalistin qətlə yetirilməsi barədə məlumata malik olmadığını bəyan ediblər. 42 yaşlı Alan Conston bu il martın 12-də Qəzza sektorunda peşəkar fəaliyyətini icra edərkən naməlum şəxslər tərəfindən oğurlanıb. Onun taleyi barədə məlumat olmasa da, Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas jurnalistin sağ olduğu barədə məlumatlara malik olduğunu bildirib. Alan Conston bilavasitə Qəzza sektorunda çalışan yeganə xarici jurnalist olub. Britaniya hökuməti jurnalistin azadlığa buraxılması məqsədilə Fələstin hökumətindən yardım istəsə də, danışıqlar uğursuzluqla nəticələnib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR