Sabah Redaktorlar Birliyi piket keçirəcək

Sabah Redaktorlar Birliyi piket keçirəcək
# 16 aprel 2007 16:55 (UTC +04:00)
Sabah Redaktorlar Birliyi Sabir bağında piket keçirəcək. Bu barədə APA-ya aksiya təşkilatçılarından biri, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev bildirib. Onun sözlərinə görə, piketlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ötən həftədən xəbərdarlıq məktubu göndərilsə də, hələ də cavab almayıblar: “Cavab verilib-verilməməsindən asılı olmayaraq, biz aksiyamızı keçirəcəyik”. E.Fətullayev bildirib ki, Redaktorlar Birliyinin bu gün keçirilən yığıncağında bu barədə qərar qəbul edilib. Baş redaktor deyib ki, aksiyada “Diffamasiya haqqında” qanunun qəbul edilməsi, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin ləğvi, Elmar Hüseynovun qatillərinin tapılması, həbsdə olan jurnalistlərin azadlığa buraxılması, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinə qarşı aparılan kampaniyanın dayandırılması və s. tələblər səsləndiriləcək.
Qeyd edək ki, aksiyanı “Zerkalo”, “Yeni Müsavat”, “Azadlıq”, “Bizim yol”, “Bakı-Xəbər”, “GÜNsəhər”, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetləri, “Qanun” jurnalı, “Turan” agentliyi, “Yeni Nəsil” Jurnalistlər Birliyi və Demokratik Jurnalistlər Liqası birgə təşkil edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR