Jurnalistlər mayın 22-də piket, iyunun 12-də isə yürüş-mitinq keçirəcəklər

Jurnalistlər mayın 22-də piket, iyunun 12-də isə yürüş-mitinq keçirəcəklər
# 17 may 2007 15:50 (UTC +04:00)
Redaktorlar Birliyi mayın 22-də piket, iyunun 12-də isə yürüş-mitinq keçirmək barədə qərar qəbul edib. Bu barədə APA-ya “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verib. Onun sözlərinə görə, piketin Sabir bağında 50 jurnalistin iştirakı ilə saat 14.00-da başlaması nəzərdə tutulub. Yürüş-mitinqi isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi aksiyalar üçün ayrılan yerlərdən birində keçirmək qərarlaşdırılıb. Şəhər rəhbərliyi tərəfindən ayrılmış 4 yer arasında seçim edən birlik üzvləri aksiyanı Nizami rayonu ərazisində keçirməyi məqsədəuyğun sayıblar. Aksiya metronun “Neftçilər” stansiyasının yanından saat 14.00-da yürüşlə başlayacaq və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yaxınlığındakı meydanda mitinqlə davam edəcək. Ş. Çobanoğlu bildirib ki, hər iki aksiya ilə bağlı bu günlərdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediləcək. O, məsələnin Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin sabah keçiriləcək iclasında müzakirə olunacağını və komitənin də bu aksiyaya qoşulacağını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR