RTR rəhbərliyinin Azərbaycana səfəri nəzərdə tutulur

RTR rəhbərliyinin Azərbaycana səfəri nəzərdə tutulur
# 18 may 2007 12:32 (UTC +04:00)
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qaralı Səhmdar Cəmiyyətinin (QSC) bir qrup əməkdaşı mayın 13-dən 16-na qədər təcrübə mübadiləsi məqsədilə Moskvada səfərdə olub. APA-nın xəbərinə görə, nümayəndə heyətinin tərkibinə Müəllif proqramları və xüsusi layihələr derartamentinin direktoru Qulu Məhərrəmli, Proqram direksiyasının direktoru Danial Aşurbəyov, baş prodüser Şakir Eminbəyli, “Xəbərlər” redaksiyasının baş redaktoru Faiq Hüsiyev, “Səhər” proqramının baş redaktor əvəzi İlham Alışanov və digər şəxslər daxil olub. Səfərin yekunları ilə bağlı APA-ya açıqlama verən Qulu Məhərrəmli deyib ki, heyət Moskvaya sırf yaradıcılıq məsələlərini öyrənmək məqsədilə ezam edilib.
Səfər zamanı Az.TV əməkdaşları əsasən RTR və NTV-nin rəhbərliyi ilə görüşlər keçirərək, bir sıra studiyaların işi ilə yaxından tanış olublar: “Biz həmin teleşirkətlərin çox nüfuzlu əməkdaşları ilə görüşdük, RTR-in az qala bütün bölmələri ilə tanış olduq. Azərbaycana rəğbət bəslədiyini deyən RTR-in İnformasiya proqramı baş direktorunun müavini Sergey Brilyovla görüşdük. Fürsətdən istifadə edib bu yaxınlarda RTR-də Naxçıvanın Azərbaycana məxsus olmasını şübhə altına alan verilişin nümayişi ilə bağlı iradlarımızı bildirdik. Brilyov bu cür verilişlərin münasibətlərimizə xələl gətirə biləcəyini səmimiyyətlə etiraf etdi. O, təəssüflənməklə yanaşı, bunun Rusiya televiziyasının mövqeyi olmadığını və həmin verilişi hazırlayan redaksiyanın rəhbərliyinə irad bildirildiyini dedi”.
Q. Məhərrəmli deyib ki, Az.TV-nin RTR-lə əməkdaşlığı nəzərdə tutulub. Onun sözlərinə görə, Milli Televiziya və Radio Şurasının Rusiya telekanalarının Azərbaycanda yayımının dayandırılması barədə qərarı Rusiyada çox böyük narahatlıqla qarşılanıb: “Bizə məlumat verildi ki, RTR rəhbərliyinin Azərbaycana səfəri nəzərdə tutulur. Onlar Milli Televiziya və Radio Şurası və Azərbaycan hökuməti ilə görüşlər keçirməyi planlaşdırırlar. RTR-də hesab edirlər ki, Rusiya telekanallarının yayımının Azərbaycanda dayandırılması iki dövlət arasındakı münasibətlərin indiki səviyyəsinə uyğun gəlmir. Çünki bu münasibətlər yaxşı inkişaf edir və onların qorunması arzuolunandır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR