“Bizim yol” qəzetinin əməkdaşı Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbərini məhkəməyə verəcək

“Bizim yol” qəzetinin əməkdaşı Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbərini məhkəməyə verəcək
# 21 may 2007 15:21 (UTC +04:00)
“Bizim yol” qəzetinin əməkdaşı Arzu Abdulla Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunu məhkəməyə verəcək. A. Abdullanın APA-ya verdiyi məlumata görə, Ə. Əsgəroğlu bir neçə gün əvvəl onu təhqir edərək döymək istəyib. Jurnalistin sözlərinə görə, baş vermiş olayla bağlı Səbayel Rayon Polis İdarəsinə də müraciət edəcək. A. Abdulla bu gün hadisə ilə bağlı AYB sədri Anara da şikayət etdiyini, lakin yazıçının öz işçisini müdafiə etdiyini bildirib. Jurnalist, həmçinin, AYB sədrindən müsahibə almaq üçün göndərdiyi suallara da cavab ala bilmədiyini deyib.
Bu gün AYB katibliyi də mətbuat xidmətinin rəhbəri ilə jurnalist arasında baş vermiş hadisə ilə bağlı açıqlama yayıb. Qurumdan APA-ya daxil olan bəyanatda AYB mətbuat xidmətinin rəhbəri Ə. Əsgəroğlunun “Bizim yol” qəzetinin əməkdaşı A. Abdullanı ağır təhqir etməsi, əl qaldırması, hətta ölümlə hədələməsinin həqiqətdən uzaq olduğu bildirilib. AYB katibliyi açıqlamasında jurnalistlərə hörmətini ifadə edib və bu addan sui-istifadə edənlərə Mətbuat Şurasının mənəvi tənbeh verməməsindən təəssüfləndiyini qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR