Əflatun Amaşov: “Bütün arqumentlər hüquqi sənədlərə söykənməlidir”

Əflatun Amaşov: “Bütün arqumentlər hüquqi sənədlərə söykənməlidir”
# 21 may 2007 17:14 (UTC +04:00)
““Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin ofisini möhürləyənlər təhlükəsizlik məsələsinə istinad edirlər. Söhbət həqiqətən də insanların təhlükəsizliyindən gedirsə, bunu anlamaq mümkündür. Yox, əgər vəziyyət başqa cürdürsə, bunu mediaya basqı kimi də dəyərləndirmək olar”.
Bu sözləri APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin ofisinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən möhürlənməsi faktına münasibət bildirən MŞ sədri bildirib ki, bütün arqumentlər hüquqi sənədlərə söykənməlidir: “Söhbət ölkənin ən çox tirajı olan qəzetindən və onun fəaliyyətini davam etdirib-etdirməyəcəyindən gedir. Həmin binada işləməyin təhlükəli olması əsaslı və inandırıcı sənədlərlə ortaya qoyulmalıdır. Məncə, bu zaman narazılıqlar və mübahisələr olmaz. Bütün bunlar bu qənaətə gəlməyə əsas verir ki, KİV-lərin maliyyələşmə sisteminin qurulmasını tələsdirməliyik. Nə qədər ki, Azərbaycan mətbuatı iqtisadi baxımdan müstəqil deyil və özünü maliyyələşdirə bilmir, bu və ya digər təzyiqlərlə üzləşəcək”. Mətbuat orqanlarının, o cümlədən “Bakı-Xəbər” qəzetinin maddi sıxıntılara görə fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısında qaldığına toxunan Ə. Amaşov Azərbaycanda fəaliyyət göstərən qəzetlərin əksəriyyətinin mütəmadi olaraq maddi problemlə üzləşdiyini söyləyib: “Azərbaycanda reklamdan gələn gəlirlə maliyyələşən KİV-lərin sayı çox azdır. Bunların sayı 10-a qədər olar. Halbuki ölkədə KİV-lərin sayı olduqca çoxdur. Sabah hər hansı qəzetin rəhbərliyi bəyanat versə ki, biz artıq fəaliyyətimizi davam etdirə bilmirik, bu, kifayət qədər normal qarşılanmalıdır”. Ə. Amaşovun sözlərinə görə, Prezident Aparatına təqdim olunan mətbuatın inkişafı ilə bağlı Dövlət Proqramı həmin dövlət orqanında araşdırılır: “Bu ayın sonunda KİV-lərə rəsmi reklamların verilməsi ilə bağlı dəyirmi masa keçiriləcək. Həmin tədbirdə reklamla bağlı məsələləri müzakirə edəcək, problemləri araşdıracağıq. Çalışacağıq ki, Türkiyə təcrübəsindən bəhrələnək. Rəsmi reklamların KİV-lərə hansı prinsiplərlə verilməsi məsələsini gündəmə gətirəcəyik”. MŞ sədri onu da bildirib ki, həbsdə olan jurnalistlərin durumu Mətbuat Şurasının daim diqqətindədir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR