Mətbuat Şurasının şikayətlər üzrə komissiyası YAP-ın “Azadlıq” qəzeti ilə bağlı müraciətini müzakirə edib

Mətbuat Şurasının şikayətlər üzrə komissiyası YAP-ın “Azadlıq” qəzeti ilə bağlı müraciətini müzakirə edib
# 25 may 2007 15:59 (UTC +04:00)
Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclasında Yeni Azərbaycan Partiyasının “Azadlıq” qəzeti ilə bağlı müraciəti müzakirə edilib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev komissiya üzvlərinin diqqətini ilk olaraq qəzetin 15 may tarixli sayında dərc olunan “bp əməkdaşından sensasion açıqlama” başlıqlı yazıya yönəldib. O, həmçinin jurnalist Rövşən Hacıbəylinin qəzetin 16 may tarixli sayında dərc edilən köşə yazısında bilərəkdən yanlışlığa yol verildiyini, ölkə rəhbərinin nüfuzunun və imicinin, Mirzə Sakitin həmin sayda gedən “Qiyamət düşəcək” şeirində isə YAP-ın ayrı-ayrı tanınmış nümayəndələrinin şərəf və ləyaqətinin təhqirinə yönələn fikirlərin yer aldığını vurğulayıb. Komissiya üzvləri çıxışlarında bildiriblər ki, “Azadlıq” qəzeti həmin yazılarda faktlara deyil, fərziyyələrə əsaslanıb və bununla da “KİV haqqında qanunun” 10-cu maddəsinin tələblərinə sayğısız yanaşıb. Qeyd olunub ki, “Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarının” 3-cü prinsipinin 3.4 bəndinə əsasən jurnalist və KİV buraxdığı səhvi maksimum qısa müddətdə, tam həcmdə aradan qaldırmalıdır. Komissiya üzvləri M. Sakitin “Azadlıq” qəzetində dərc edilən şeirlərində təhqir elementlərinin qabardılmasının poetik tələblərə tamamilə zidd olduğunu qəzetin baş redaktoru Qənimət Zahidin diqqətinə çatdıraraq, ona belə nümunələrin təqdimatından imtina etməyi məsləhət görüblər. Q. Zahid isə YAP-ın müraciətində, həmçinin komissiya üzvlərinin çıxışlarında səslənən bir sıra məqamları haqlı saysa da, köşə yazısında kiminsə təhqir edilməsini qarşıya məqsəd qoyulmadığını deyib. O, M. Sakitin şeirləri ilə bağlı tövsiyələrin nəzərə alınacağını, qəzetdə qarşı tərəfdən üzrxahlıq edilməsi və təkzib verilməsinə hazır olduğunu açıqlayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR