“Rəsmi qurumların reklam və elanlarının KİV-lərdə yerləşdirilməsi” mövzusunda dəyirmi masa keçirilib

“Rəsmi qurumların reklam və elanlarının KİV-lərdə yerləşdirilməsi” mövzusunda dəyirmi masa keçirilib
# 29 may 2007 14:36 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası və Türkiyənin Azərbaycandakı səfirliyi “Rəsmi qurumların reklam və elanlarının KİV-lərdə yerləşdirilməsi” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov mövzunun əhəmiyyətini vurğulayıb və bildirib ki, rəsmi qurumların reklam və elanlarının KİV-lərdə yerləşdirilməsi təcrübəsinin öyrənilməsi üçün Türkiyə səfirliyinə müraciət edilib. O, Türkiyə Basın və Elanlar Dövlət Qurumunun baş katibi Ərtan Cillovun bu məqsədlə Azərbaycana dəvət olunduğunu da deyib: “Türkiyənin bu sahədə təcrübəsi öyrənilib, Azərbaycan reallığına uyğunlaşdırılaraq tətbiq olunacaq”. Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin əməkdaşı Vüqar Səlimov dövlətin KİV-in maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atdığını diqqətə çatdırıb. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Karslıoğlu Türkiyənin zaman-zaman bu problemlə qarşılaşdığını söyləyib. Onun sözlərinə görə, bu gün Türkiyədə həmin problem öz həllini tapıb və Azərbaycanla da təcrübə mübadiləsi etməyə hazırdırlar. Türkiyə Basın və Elanlar Dövlət Qurumunun baş katibi Ərtan Cillov təmsil etdiyi təşkilatın yaradılması tarixindən danışıb: “Türkiyədə dövlət qəzetləri olmadığından, bütün rəsmi elanlar və reklamlar bu qurumun nəzarətində həyata keçirilir. Qurumun fəaliyyətinin məqsədlərindən biri də qəzetlərin maddi durumunun yaxşılaşdırılmasıdır. Qurum 1961-ci ildə yaradılıb və təşkilatın İdarə Heyəti 7, Şurası isə 36 nəfərdən ibarətdir. Bölgələrdə qurumun qanunları çərçivəsində nəzarət valiliklər tərəfindən həyata keçirilir. Əsas şərt isə rəsmi elanları dərc etdirmək istəyən qəzetdə 12 nəfər jurnalistin işləməsidir”. Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqinə gəlincə, Ə. Cillov bununla bağlı azərbaycanlı həmkarları ilə müzakirələr aparacaqlarını söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR