Nuşirəvan Məhərrəmli: “Telekanallarda dublyaj redaksiyalarının yaradılması qısa müddətdə həll olunmalıdır”

Nuşirəvan Məhərrəmli: “Telekanallarda dublyaj redaksiyalarının yaradılması qısa müddətdə həll olunmalıdır”
# 01 iyun 2007 14:23 (UTC +04:00)
“Telekanallarda dublyaj redaksiyalarının yaradılması barədə qərar verilibsə, onu yerinə yetirmək lazımdır. Hər kanal efirə çıxarkən bilməlidir ki, Azərbaycan ərazisində yayım ana dilində aparılmalıdır. Başqa söhbət ola bilməz”. Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Gələn il yanvarın 1-dən etibarən xarici dildə filmlərin yayımlanmasına qadağa qoyulduğunu xatırladan MTRŞ sədri telekanallarda indiyə qədər dublyaj studiyaları yaradılmamasından təəssüflənib: “İndiyədək bu işi görməyiblər. Ona görə də onlara vaxt verilib. Qısa zamanda bu məsələ həll olunmalıdır”. N. Məhərrəmli MTRŞ-in bu prosesdə telekanallara hər hansı kömək göstərməyəcəyini də vurğulayıb. Onun sözlərinə görə, dublyaj redaksiyalarının yaradılması telekanalların daxili işidir və bu işlə onlar özləri məşğul olmalıdır. Türkiyədə istehsal edilmiş filmlərlə türk dilinə dublyaj olunmuş xarici filmlər arasında fərq qoyulacağı barədə səslənən fikirlərə gəldikdə, N. Məhərrəmli bunun bir qədər incə məsələ olduğunu söyləyib: “Türk dilinə tərcümə edilmiş xarici filmin Azərbaycan dilinə çevrilməsi doğru olmaz”. N. Məhərrəmli bildirib ki, türk dilinə dublyaj edilən filmlər Azərbaycan tamaşaçıları üçün problem yaradarsa, MTRŞ bu məsələyə müdaxilə edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR