Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı onlara qəzetlərin verilməməsindən və kameranın darısqal olmasından şikayətçidir

Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı onlara qəzetlərin verilməməsindən və kameranın darısqal olmasından şikayətçidir
# 07 iyun 2007 13:31 (UTC +04:00)
1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə onlara istədikləri qəzetlərin verilməməsindən və saxlandıqları kameranın həddən artıq darısqal olmasından şikayətlənirlər. Bu barədə APA-ya jurnalistlərin vəkili, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bildirib. Bu gün jurnalistlərlə görüşən R. Hacılı deyib ki, müdafiə etdiyi şəxslər şikayət etmələrinə baxmayaraq, onlara hələ də rəsmi qəzetlərdən başqa, digər mətbuat orqanları ilə tanış olmağa şərait yaradılmır: “Onların saxlanma şəraiti də normal deyil. Cəmi 40 kvadrat metr sahəsi olan kamerada 24 nəfər saxlanılır. Bu da iki dəfə infarkt keçirən Rövşən Kəbirliyə pis təsir edir. O, ürək ağrılarından əziyyət çəkir”.
R. Hacılı deyib ki, jurnalistlərin həbsi ilə bağlı məhkəmə hökmündən xeyli əvvəl apellyasiya şikayəti versələr də, Yasamal Rayon Məhkəməsi ərizəni Apellyasiya Məhkəməsinə göndərmir. Vəkil qeyd edilən iradlar aradan qaldırılmasa, müdafiə tərəfinin yaxın günlərdə müvafiq instansiyalara şikayət edəcəyini bildirib. Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR