Rusiya telekanallarının Azərbaycanda yayımının davam etdirilməsi ilə bağlı iki ölkənin işçi qruplarının Moskvada görüşü olub

Rusiya telekanallarının Azərbaycanda yayımının davam etdirilməsi ilə bağlı iki ölkənin işçi qruplarının Moskvada görüşü olub
# 08 iyun 2007 16:37 (UTC +04:00)
Rusiya telekanallarının Azərbaycanda yayımının davam etdirilməsi ilə bağlı hər iki ölkədə yaradılan işçi qrupları bu gün Moskvada görüşüblər. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, görüşdə Azərbaycanın İşçi Qrupu Rusiya kanallarından birinin Azərbaycanda, əvəzində isə Az.TV-nin Rusiya ərazisində paritet əsaslarla yayımlanmasını özündə əks etdirən təkliflər paketi ilə çıxış edib. Azərbaycan tərəfi Rusiya telekanallarının ölkəmizin ərazisinin 72 faizindən çoxunda yayımlandığnı əsas gətirərək, Az.TV-nin də həmin ölkənin ərazisində eyni dərəcədə yayımlanmasını təklif edib. N. Məhərrəmli Azərbaycan işçi qrupunun sabah Bakıya qayıdacağını və görüşdə əldə olunan razılaşmalarla bağlı açıqlama veriləcəyini deyib. O, razılaşma olacağı halda Rusiya və Azərbaycan hökumətləri arasında müqavilə imzalanacağını da qeyd edib. Sədr məsələnin bu ayın sonuna kimi başa çatacağını bildirib.
Xatırladaq ki, MTRŞ-nin iyulun 10-da Azərbaycanda xarici ölkələrə məxsus kanalların yayımının dayandırılması barədə qərar qəbul edib. Türkiyənin TRT-1 kanalının yayımı ilə bağlı bağlanan müqavilənin müddəti başa çatmadığına görə, bu qərar hələlik həmin kanala aid deyil. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR