Jurnalistlərin Mitinq Komitəsinin iclası keçirilib

Jurnalistlərin Mitinq Komitəsinin iclası keçirilib
# 11 iyun 2007 16:14 (UTC +04:00)
Bu gün jurnalistlərin kütləvi aksiyalarının keçirilməsi ilə bağlı yaradılmış Mitinq Komitəsinin iclası keçirilib. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin APA-ya verdiyi məlumata görə, iclasda Bakı Şəhər İcra Hakimiyyətinin (ŞİH) jurnalistlərin iyunun 12-də keçirəcəkləri yürüş-mitinqlə bağlı müraciətinə verdiyi cavab bir daha müzakirə olunub. ŞİH-in qeyri-qanuni addım atdığını bildirən komitə üzvləri bununla bağlı yaxın günlərdə məhkəməyə müraciət etmək qərarı veriblər. Bundan əlavə, bu həftə ərzində jurnalistlərin razılaşdırılmamış bir neçə aksiyasının keçirilməsi nəzərdə tutulub. Aksiyanın yeri və vaxtı hələlik müəyyənləşməyib. Növbəti aksiyanın isə iyunun 23-də saat 18:00-da “Neftçilər” metro stansiyasının yanından yürüşlə başlaması və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yaxınlığındakı meydanda saat 20:00-a kimi davam etməsi planlaşdırılıb. Aksiyalarda mətbuata təzyiqlərin dayandırılması, həbsdə olan jurnalistlərin azad edilməsi tələb ediləcək. Q. Zahid sabah aksiya ilə bağlı Bakı ŞİH-ə müraciət ediləcəyini deyib.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general-mayor Yaşar Əliyev isə APA-ya açıqlamasında bildirib ki, o bu gün Mitinq komitəsinin üzvlərindən Rauf Arifoğlu və Şahbaz Xuduoğlunu qəbul edərək, onlardan mitinqin hansı marşrut üzrə keçirəcəklərini soruşub. R. Arifoğlu bildirib ki, onlar iyunun 12-də keçirməyi planlaşdırdıqları mitinqi təxirə salıblar. Rəis müavini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan aksiyanın qarşısının alınacağını da vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR